Belarus Dövlət Pedoqoji Universitetində Azərbaycan dili və Mədəniyyəti Mərkəzi açılıb
Ümummilli Lider Heydər Əliyevin fərmanı ilə yaradılmasının 10 illiyini qeyd edən Bakı Slavyan Universiteti xalqlar arasında dostluq və əməkdaşlıq əlaqələrinin mökhəmləndirilməsi, Azərbaycan ədəbiyyatı, tarixi və mədəniyyətinin xarici ölkələrdə tədrisi və təbliği istiqamətində növbəti addımını atmışdır.
Yubiley münasibəti ilə Belarus Respublikasının paytaxtı, Qəhrəman şəhər Minskdə Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetində Bakı Slavyan Universitetinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan dili və Mədəniyyəti Mərkəzinin təntənəli açılış mərasimi keçirilmişdir. Mərasimdə Azərbaycan Respublikasının Belarus Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əli Nağıyev, Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov, səfirlik nümayəndələri, Minsk Dövlət Linqvistik Universitetinin rektoru professor Natalya Baranova, Bakı Slavyan Universitetinin rektoru, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, professor K.M.Abdullayev, BDPU-nun rektoru, professor P.D.Kuxarçik, prorektorları dosent Aleksandr Andralo, professor Vasiliy Buşik, dosent Svetlana Kopteva, dosent Valeri Zelenkeviç, ümumuniversitet kafedra müdirləri, BDPU-da fəaliyyət göstərən Litva və Polşa dil və mədəniyyət mərkəzlərinin əməkdaşları, BSU nümayəndə heyətinin üzvləri, elmi işlər üzrə prorektor, professor Məmməd Əliyev, tərbiyə işləri üzrə prorektor, dosent Oqtay Səmədov, mərkəzin rəhbəri vəzifəsini icra edəcək professor Rafiq Novruzov, BDPU-nun professor-müəllim və tələbə heyətinin üzvləri, ölkənin bir neçə televiziya şirkətinin nümayəndələri iştirak ediblər.
70-dən çox ixtisas üzrə 18 min tələbənin təhsil aldığı Belarus Dövlət Pedaqoji Universtitetinin Azərbaycan dili və Mədəniyyəti Mərkəzinin açılışına həsr olunmuş təntənəli yığıncağı giriş sözü ilə açan BDPU-nun rektoru, professor P.D.Kuxarçik BSU-nun nümayəndə heyətini və tədbir iştirakçılarını salamlayaraq, Belarusun təhsil sistemində xüsusi çəkiyə malik BDPU-da Azərbaycan guşəsinin yaradılmasını təkcə universitetin deyil, həmçinin, ölkə paytaxtının elmi və mədəni həyatında əlamətdar bir hadisə kimi qiymətləndirib və BSU-nun bu addımından məmnun olduğunu bildirib.
Tədbirin ilk dəqiqələrində BDPU-nun rektoru professor P.D.Kuxarçik Bakı Slavyan Universitetinin rektoru, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, professor K.M.Abdullayev "BDPU-nun inkişafına töhfəyə görə" (Za vklad v razvitie BQPU) döş nişanı ilə təltif edilib.
Mərkəzin açılışı ərəfəsində 4-cü Ümumbelarus milli yığıncağında iştirak etmiş K.M.Abdullayev tədbir iştirakçılarını və ilk növbədə, BDPU kollektivini Azərbaycan dili və Mədəniyyəti Mərkəzinin yaradılması münasibəti ilə təbrik edib və Azərbaycanı Belarusda təbliğ edəcək mərkəzə uğurlar arzulayıb.
Tədbirdə çıxış edən səfir Ə.Nağıyev və Natiq Bağırov universitetdə mərkəzin yaradılmasını yüksək qiymətləndirərək, ona gələcək fəaliyyətində böyük müvəffəqiyyətlər arzulayıblar.
Bakı Slavyan Universiteti ilə sıx əməkdaşlıq edən Minsk Dövlət Linqvistik Universitetinin rektoru, professor Natalya Baranova rəhbərlik etdiyi kollektiv adından həmkarlarını mərkəzin yaradılması münasibətilə təbrik edib və K.Abdullayevə Azərbaycanın ilk tədris-mədəniyyət mərkəzinin yerləşdiyi Rusiya ali məktəbinin rəhbəri, Moskva Dövlət Linqvistik Universitetinin rektoru, BSU-nun dostu professor İrina Xaleyevanın salamlarını çatdırıb. BSU-nu maraqlı və məzmunlu bir ali təhsil ocağı kimi qiymətləndirən N.Baranova bu mərkəzin açılışı ilə BDPU kollektivini gələcəkdə ən cazibədar və ən zəngin Qafqaz mədəniyyətlərindən biri ilə tanış olmaq, "daim irəli hərəkət etmək" şüarı ilə yaşayan və yaradan universitetlə sıx əməkdaşlıq etmək imkanı əldə etmələri münasibətilə təbrik edib.
Azərbaycan şairi Süleyman Rüstəmin şeiri və Belarus xalqının folklor nümunələri ilə tədbirə xüsusi çalar verən tələbələrin çıxışından sonra yekun sözü ilə mərasim iştirakçılarına müraciət edən K.Abdullayev bu əlamətdar hadisə ilə bağlı Belarus Respublikasının təhsil naziri, xarici işlər naziri, həmçinin, Azərbaycan Respublikasının təhsil naziri, Belarusun Azərbaycandakı səfirinin BDPU ve BSU kollektivlərinə ünvanlanmış təbriklərini auditoriyanın diqqətinə çatdırıb.
Sonra mərkəzin təntənəli açılışı olub və qonaqlar buradakı kitab fondu, eksponatlar, əyani vəsaitlər, zəngin fonoteka ilə, rəngarəng fotolardan ibarət sərgi ilə tanış olublar.
Əli Nağıyev, P.D.Kuxarçik və K.Abdullayev xatirə kitabına ürək sözlərin yazıblar.