"Tıq-tıq xanım" tamaşasına yeni quruluş verilib
Dövlət Pantomim Teatrının səhnəsində yeni tamaşalar üzərində iş gedir. Teatrın aktrisası və rejissoru, əməkdar artist, Prezident təqaüdçüsü Nargilə Qəribova "Tıq-tıq xanım" tamaşasına quruluş verib. Tamaşada baş rolda Səbirə Həsənova çıxış edəcək. Dövlət sifarişi ilə hazırlanan səhnə əsərinin bədii rəhbəri və plastik həllinin müəllifi Bəxtiyar Xanızadədir. Bu barədə teatrın direktoru Elman Rəfiyev məlumat verib.
Tamaşanın premyerası dekabrın ikinci yarısında keçiriləcək. Məlumat üçün bildirək ki, Pantomim Teatrında Bəxtiyar Xanızadənin vaxtilə quruluş verdiyi daha iki səhnə əsəri - "Gəldim ki, olam qəmin hərifi..." balet-tamaşası və "Kesa və Marito" film-tamaşası bərpa olunur. Bu tamaşaların baş rollarında Bəhruz Əhmədli (Məcnun) və Ceyhun Dadaşov (Marito) çıxış edəcəklər.