Gəncənin antik və erkən orta əsrlərdə mövcudluğunu təsdiqləyən materiallar aşkarlanıb
Qədim Gəncə şəhərinin yerləşdiyi, Samux rayon ərazisində olan "Şəhər burnu" adlanan ərazilərdə aparılan arxeoloji qazıntı işləri zamanı Gəncə şəhərinin antik və erkən orta əsrlərdə mövcud olmasını təsdiqləyən materiallar üzə çıxarılıb.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, Gəncə arxeoloji ekspedisiyanın rəhbəri, tarix elmləri doktoru, professor Arif Məmmədovun məlumatına görə, ərazidə aşkar olunan arxeoloji materiallarda Gəncənin IX əsrə qədərki tarixi, yəni antik və erkən orta əsrlər dövründəki şəhər haqqında geniş məlumatlar verilir:"İsaq Cəfərzadə 1938-1940-cı illərdə Gəncədə arxeoloji qazıntılar aparanda Gəncə ətrafında daş çömçə və isgənənin tapılması haqda məlumat vermişdi. Bu vaxta qədər istər yazılı mənbələrdə, istərsə də arxeoloqların verdiyi məlumatlarda Gəncənin ancaq IX əsrdə mövcud olması bildirilirdi. Bu, əlbəttə ki, böyük şübhə doğururdu. Çünki orta əsrlərdə 300-350 min əhalisi olan bir şəhər birdən-birə formalaşmayıb, yəni əvvəldən burda qədim zamanlardan daha möhkəm bir şəhər olub ki, bu tədricən inkişaf edərək, Azərbaycanın böyük bir şəhərinə çevrilib".
A.Məmmədov Kür çayının sağ sahilində Mingəçevir su anbarına tökülən hissəsinə yaxın yerləşən "Şəhər burnu" adlanan ərazidə aparılan arxeoloji tədqiqatların bu fikri təsdiqləməyə imkan verdiyini bildirib: "Burda aparılan tədqiqatlar antik dövrdə və erkən orta əsrlərdə Gəncənin indiki ərazidə olduğunu sübut etməyə əsas verdi. Biz Kür çayı yaxınlığında buxta qalıqları tapmışıq. Bu buxtanın olması vaxtilə bura Kür çayı vasitəsilə gələn gəmilərin yan alması üçün istifadə olunurdu. Biz həmin buxtanın yaxınlığında kiçik hücrələr də aşkara çıxarmışıq ki, bu hücrələr həm alış-veriş üçün, həm də əlavə malların yığılması üçün istifadə edilirdi".
Aşkar olunan materialların əksəriyyətinin eramızadan əvvəl IV-III əsrlərə aid olduğunu söyləyən A.Məmmədov materialların həm antik, həm erkən orta əsrlərdə Gəncədə gur insan yaşayış məskənlərinin olması ilə Gəncənin sənətkarlıq və iri ticarət mərkəzi olduğunu təsdiqlədiyini bildirib. Qeyd edək ki, ərazidə aparılan arxeoloji qazıntılar zamanı maral buynuzu formasında bəzək əşyaları, üçayaqlı qablar, iri sütun altlıqlar, buxtalar, möhür formalı naxış qablar, antik çıraqlar, küp və xeyli sayda saxsı qablar aşkar olunmuşdur.