Humbold Universitetində azərbaycanlı rəssam Əşrəf Heybətovun əsərlərinin təqdimatı olub
Almaniyada davam edən "Azərbaycan Elm və Mədəniyyət Həftəsi" çərçivəsində Humbold Universitetində azərbaycanlı rəssam Əşrəf Heybətovun əsərlərinin təqdimatı olmuşdur. Humbold Universitetinin "Azərbaycan tarixi" kafedrasının müdiri, professor Eva-Mariya Aux tədbiri açaraqqeyd etmişdir ki, fırça ustası Heybətov dünyanın bir sıra ölkələrində, o cümlədən Vatikanda da məşhurdur. Onun əsərləri bir sıra nüfuzlu vernisajlarda nümayiş etdirilmişdir.
Təqdimat mərasimində çıxış edən rəssam öz gənclik illəri, yaradıcılıq axtarışları barədə danışmışdır. Əşrəf Heybətov Azərbaycan təsviri sənətinin korifeyi, onun müəllimi olmuş, aralarında 40 ilə yaxın yaş fərqi olmasına baxmayaraq, dostluq etdiyi Səttar Bəhlulzadə barədə çox səmimi fikirlər söyləmişdir.
Rəssam etiraf etmişdir ki, onun işlərinin əsas mövzusu Azərbaycan və bu diyarın xalqıdır. Əslən içərişəhərli olan Əşrəf Heybətov öz əsərlərinin çoxunda Bakının bu qədim hissəsindəki doğma dar küçələri təsvir etmişdir. Lakin son vaxtlar ümumtürk miqyaslı mövzular onu daha çox maraqlandırır. Rəssam emosional hisslərini belə ifadə etmişdir: "Bakı Azərbaycanın ürəyi, Şuşa isə onun ruhudur".