PDF Oxu

Mədəniyyət

  • 21

Berlində “Azərbaycan Elm və Mədəniyyət Həftəsi” açılıb

Berlində “Azərbaycan Elm və Mədəniyyət Həftəsi” açılıb
Berlində "Almaniyada Azərbaycan Elm və Mədəniyyət Həftəsi" başlanıb. Həftənin təntənəli açılış mərasimi Almaniya paytaxtının tarixi hissəsində yerləşən "Gendarmenmarkt" meydanındakı məşhur "Konzerthaus Berlin" konsert zalında olub. Mərasimdə hər iki ölkənin elm və mədəniyyət xadimləri, görkəmli siyasətçilər, hökumət üzvləri, diplomatlar, habelə, Avropanın bir sıra ölkələrində Azərbaycan diasporunun nümayəndələri iştirak edib. Mərasimdə giriş nitqi söyləmiş Humbold Universitetinin rektoru Yan-Hendrik Olberts Almaniya ilə Azərbaycan arasında əlaqələrin möhkəmlənməsində bu cür tədbirlərin böyük əhəmiyyətini vurğulayaraq, qeyd edib ki, bu həftə ikitərəfli münasibətlərin sürətli inkişafına müsbət töhfə verəcək. Azərbaycanın AFR-dəki səfiri Pərviz Şahbazov, Azərbaycanın təhsil naziri Misir Mərdanov, AFR federal təhsil və elmi tədqiqatlar naziri professor Annete Şavan və Humbold Universitetində yeni açılan "Azərbaycan tarixi" kafedrasına rəhbərlik edəcək professor Eva-Mariya Aux da tədbir iştirakçıları qarşısında çıxış ediblər. Mərasimin təntənəli hissəsindən sonra konsert təqdim olunub. Konsertdə Azərbaycanın xalq artisti Yalçın Adıgözəlovun və almaniyalı maestro Ulrix Rilinin rəhbərliyi ilə "Berlin Classic Players" kamera orkestrinin ifasında Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin, Aqşin Əlizadənin əsərləri səslənib.

Digər xəbərlər