“Mənim ağ göyərçinim” tamaşasının yeni səhnə versiyası təqdim olunacaq
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yazıçı-dramaturq Tamara Vəliyevanın "Mənim ağ göyərçinim" tamaşasının yeni səhnə versiyasını yaxın günlərdə teatrsevərlərin ixtiyarına verəcək. Teatrın mətbuat xidmətindən qəzetimizə daxil olan məlumata görə, yeni tamaşanın 4, 5 və 26 dekabr tarixlərində nümayişi nəzərdə tutulur. İlk məhəbbət haqqında iki hissəli lirik dramın yeni tamaşasının ssenari müəllifi və quruluşçu rejissoru teatrın baş rejissoru, xalq artisti Cənnət Səlimova, tərtibatçı rəssamı Gürcüstanın tanınmış rəssamı, Tumanaşvili adına Teatrın baş rəssamı Şota Qlurcidze, rejissor asissenti əməkdar artist Nofəl Vəliyevdir. Tamaşanın plastik həlli və rəqslərin quruluşu Vüsal Mehrəliyevə, musiqi tərtibatı isə Vladimir Neverova məxsusdur. Tamaşada istifadə edilən şeirlərin müəllifi Mirzə Ağa Mirzəyevdir. 1990-cı ilin 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş tamaşada rolları əməkdar artistlər Rafiq Hüseynov, Rahib Əliyev, aktyorlar İlqarə Tosova, Günel Məmmədova, Mirzə Ağa Mirzəyev, Eşqin Quliyev, Elnur Hüseynov, Zülfiyyə Alhüseynova, Nəsibə Eldarova, Kərəm Hadızadə, Anar Səfiyev, İlham Əsədov, Məsumə Babayeva, Sona Babayeva, Elxan Qurban və başqaları ifa edəcək.