Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Azərbaycan Əsilzadələr Məclisinin, Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, tanınmış ziyalı Dilarə Musayevanın 70 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Tədbirin təşkilatçısı Dünya Azərbaycanları Konqresinin Qadınlar Şurası və Musa Nağıyıv adına "Milli dəyərlərin qorunması" ictimai birliyidir.
Yubiley gecəsini giriş sözü ilə əməkdar artist Azad Şükürov açaraq, Azərbaycanın ziyalı xanımları sırasında yeri olan Dilarə xanımın ictimai fəaliyyətindən, 70 illik ömür yolunun keşməkeşindən, araşdırma və axtarışlarından danışaraq, belə bir insanın işığına toplaşan qonaqların məhəbbətlə iştirakını məhz Dilarə xanıma olan sevginin nümunəsi olduğunu bildirdi. O, həyat yolunda daim mübarizələr qoynunda olan və bu mübarizənin gözəlliyini çox çətinliklərlə də olsa qazanan xanımın mətinliyini, qeyrətini Azərbaycan xanımına məxsus olan ali dəyər kimi qiymətləndirdi.
Azad Şükürov onun təhsil illərini və iş fəaliyyətini də diqqətə çəkdi.
Yaşının bu çağında fəaliyyətini əzmkarlıqla davam etdirən yubilyarın görüşünə gələnlərin ürəkləri dolu olduğundan çıxışlar da sevgi ilə təqdim olundu. Tədbirdə çıxış edən millət vəkili Jalə Əliyeva Dilarə xanımı cəfakeş ana, zəhmətkeş insan, cəfakeş övlad kimi xarakterizə edərək, onun keçdiyi yolun məqsəd və amalına nəzər saldı. Bu məfhumları özündə birləşdirən bir xanımın yubiley tədbirinin keçirməsində mənən haqlı olduğunu bildirdi. Daim özünə qarşı tələbkar olan xanım ömrünü axtarışlara həsr etmişdir. Bu yolda büdrəsə də, iradəsi ona kömək olmuşdu. Gördüyü işlərin əvvəlində babası Ağa Musa Nağıyevin 80 il "əmanət" qalmış qəbrinin daimləşdirildiyi gün yeni, sayca 4-cü qəbrinin açılış günü, 25 dekabr 1998-ci il dayanır.
Jalə xanım onun gördüyü işlərin verdiyi bəhrələri bir ömrə zəngin izlər, naxışlar saldığını da diqqətə çatdırdı. Bu izlər onun fəaliyyətində cəmləşib. Dilarə xanım maneələri dəf edərək, ağıl və idrakı ilə bağlı qapıların açılmasına doğru qətiyyətli addımlar atmışdır. Dilarə xanımın zaman məsafəsində qazandığı nailiyyətlər onun vətəpərvərlik hisslərindən, humanizmindən, incə, nəcib duyğularından irəli gələn amillərdir. Xeyriyyəçilik prinsipi ilə tanınan, insanlara maddi və mənəvi dayaq olan xanımın ürək genişliyi onun ətrafında olan insanlara sevgi hissini aşılamışdır. Xalq üçün yaşanan ömrün davamçısı olaraq məsuliyyət və qətiyyətini ortaya qoymuşdur və bunun müqabilində bir sıra mükafatlara layiq görülmüşdür. "Ömrün səhifələri (Hər dövranın öz gərdişi)", "Xalq üçün ömrünü şam kim əridən" kitabların müəllifidir.
Tədbirdə çıxış edən professor Vasim Məmmədəliyev, şair Fəxrəddin Meydanlı, Musa Ələkbərli, "Zirvə" cəmiyyətin sədri Minayə Dəyanət və başqaları yubilyarı təbrik edib, ona xoş arzuların çatdırdılar. Qeyd olundu ki, Dilarə xanım məlum səbəbdən başqa şəhərdə doğulub, boya-başa çatsa da milli ənənələri, azərbaycançılıq meyillərini daxili dünyasında yaşatmış, babasının davamçısı olaraq, onun qoyduğu amalla həyat yolunun davam etdirmişdir. Bu yol onun ailə tərbiyəsindən irəli gəlmiş və cəmiyyətdə nüfuzunu möhkəmlətmişdir.
Tədbirdə yubiley məclisinə təbrikə gələn ifaçıların da maraqlı proqramla çıxışları iştirakçılarda xoş ovqat yaratdı. Çıxış edən tanınmış skripkaçı Səlim Abbasov, xalq artistləri Məleykə Əsədova, Mehriban Xanlarova, Natəvan Şeyxova, bəstəkar Arif Səlimov və başqaları maraqlı ifaları ilə yubilyara öz töhfələrini ərməğan etdilər. Tədbirdə onun fəaliyyətini əks etdirən filmlər də təqdim olundu. Bu filmlərdə onun fəaliyyətini əks etdirən görüntülər vasitəsi ilə Dilarə xanımın şəxsiyyəti ilə bağlı çox məqamlar iştirakçıların nəzərinə çatdırıldı.