PDF Oxu

Mədəniyyət

  • 17

ADMİU-da "İlham Əliyev və Azərbaycan teatr sənətində yeni mərhələ" mövzusunda konfrans keçirilib

ADMİU-da "İlham Əliyev və Azərbaycan teatr sənətində yeni mərhələ" mövzusunda konfrans keçirilib
Dünən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) "İlham Əliyev və Azərbaycan teatr sənətində yeni mərhələ" mövzusuna həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor Timuçin Əfəndiyev tədbirin əhəmiyyətindən, dinləniləcək məruzələrin Azərbaycan müasir teatr tarixinin təhlili və araşdırılmasına verəcəyi töhfələrdən söz açmışdır. Azərbaycan teatr sənətinin qədim və zəngin tarixi olduğunu diqqətə çatdıran T.Əfəndiyev bildirmişdir ki, XIX əsrin ikinci yarısından başlayaraq ölkəmizdə cərəyan edən ictimai-siyasi hadisələr maarifçilik hərəkatının inkişafına güclü təkan vermişdir. Həmin dövr Azərbaycan teatrı üçün də əlamətdar olmuşdur. Dahi mütəfəkkir Mirzə Fətəli Axundzadə tərəfindən ədəbiyyatımıza dram janrının gətirilməsi xalq teatrının peşəkar teatr sənətinə çevrilməsində həlledici rol oynamışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin teatr sənətinə böyük diqqət və qayğısından danışan rektor xüsusi vurğulamışdır ki, hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər Azərbaycanda teatr sənətinin inkişafı ilə bağlı bir sıra mükəmməl qərarlar qəbul edilmişdir. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev demişdir ki, hazırda Azərbaycanda 27 dövlət teatrı fəaliyyət göstərir. Son 5 ildə bu teatrlarda hazırlanmış 433 yeni tamaşadan 68-i nazirliyin sifarişi ilə səhnələşdirilmişdir. Nazir müavini ötən illərdə respublika teatrlarının dünyanın 20-dən çox ölkəsində Azərbaycanı ləyaqətlə təmsil etməsindən, xarici dövlətlərin tanınmış sənətkarlarının tamaşa hazırlamaq üçün teatrlarımıza dəvət olunmasından, Bakıda keçirilən A.P.Çexov adına Beynəlxalq teatr festivalının "İpək yolu" adlı mərhələsindən söz açmışdır. Tədbirdə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin mədəniyyət sahəsinə, sənətçilərə diqqət və qayğılarını əks etdirən film nümayiş olunmuşdur. Konfransda "İlham Əliyev və yeni qəbul edilmiş teatr qanununun teatr sənətinin inkişafındakı rolu", "Teatr sənətində vətəndaşlıq mövqeyinin inkişafında Prezident İlham Əliyevin rolu", "Azərbaycan təhsilinin Avropa təhsil məkanına inteqrasiya olunmasında İlham Əliyevin rolu" mövzularında məruzələr dinlənilmişdir. Sonda iştirakçılar mədəniyyət və teatra həsr olunmuş kitab sərgisinə baxmışlar.

Digər xəbərlər