"Heydər Əliyev və Azərbaycan elmi" adlı kitabın təqdimat mərasimi keçirilib
AMEA-nın Mərkəzi-Elmi Kitabxanasının direktoru Aybəniz Əliyeva-Kəngərli respublikamızın bir sıra mədəniyyət strukturlarının əməkdaşları ilə birlikdə İran İslam Respublikasında səfərdə olmuşdur. Azərbaycanın İran İslam Respublikasındakı konsulluğunun təşkilati dəstəyi ilə gerçəkləşən bu səfərdə əsas məqsədlərdən biri kitabxananın xeyli müddətdir ki, həyata keçirdiyi Ümummilli Lider Heydər Əliyev irsinin təbliği mövzusunda daha bir tədbirin keçirilməsi idi. Belə ki, Təbrizdə yerləşən konsulluqda MEK tərəfindən hazırlanaraq nəşr etdirilən "Heydər Əliyev və Azərbaycan elmi" adlı kitabın təqdimat mərasimi keçirilmişdir. Tədbirdə Mərkəzi-Elmi Kitabxananın direktoru A.Əliyeva-Kəngərli ölkəmizdə Heydər Əliyev irsinin təbliği ilə bağlı görülən işlərə, həyata keçirilən tədbirlərə rəhbərlik etdiyi kitabxanın da qoşulduğunu və bu işlərə öz töhfəsini verdiyini söyləmiş, təqdimatı keçirilən kitabın bunun əyani sübutu olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Tədbir iştirakçıları Heydər Əliyev irsinin təbliği istiqamətində Mərkəzi-Elmi Kitabxananın gördüyü işləri, o cümlədən, bu kitabın rolunu və dəyərini yüksək qiymətləndirmişlər.
Səfər zamanı kitabxananın direktoru və nümayəndə heyətinin digər üzvləri Təbriz Mərkəzi Kitabxanasında da olmuşlar. Direktorun dediyinə görə, burada məqsəd kitabxananın strukturu, fəaliyyəti, iş prinsipi və s. ilə yaxından tanış olmaq, eyni zamanda, hər iki kitabxana arasında aparılan kitab mübadiləsini və əməkdaşlığı daha da inkişaf etdirmək üçün müəyyən məsələlər üzrə razılıq əldə etmək idi. Bu baxımdan da səfər uğurla nəticələnmişdir. A.Əliyeva-Kəngərli MEK tərəfindən çap olunmuş və özünün də müəllifi olduğu "Azərbaycan folkloru və kitab mədəniyyəti", "Müasir Azərbaycanda elmin informasiya təminatı və kitabxanalar", "Müstəqilliyə gedən yol: Azərbaycan Xalq Cümhuriyyəti" adlı kitabları Təbriz Mərkəzi Kitabxanasına hədiyyə etmişdir. Öz növbəsində, Təbriz Mərkəzi Kitabxanası tərəfindən də bir neçə kitab və bizim üçün xüsusilə maraq doğuran "Molla Nəsrəddin Təbrizdə" adlı kitab Mərkəzi- Elmi Kitabxananın direktoruna təqdim edilmişdir.
Səfərin növbəti günlərində Azərbaycan nümayəndə heyətinin üzvləri Təbrizdəki Tarix Muzeyini, Səttarxan Muzeyini, Şəhriyar Muzeyini və onun məqbərəsini ziyarət etmiş və böyük təəssüratla Vətənə dönmüşlər.