Fransa Milli Araşdırmalar Mərkəzi ilə AMEA arasında müqavilə imzalanıb
AMEA prezidenti Mahmud Kərimovun Fransaya səfəri çərçivəsində Fransa Milli Araşdırmalar Mərkəzi ilə AMEA arasında müqavilə imzalanmışdır. Qeyd edək ki, 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransaya dövlət səfəri zamanı bir çox sahələrlə yanaşı, AMEA ilə FMAM arasında əməkdaşlığa dair saziş imzalanmışdır. Həmin dövrdən etibarən AMEA ilə FMAM Azərbaycanda bir sıra layihələri müştərək şəkildə həyata keçirmişdir.
Səfər zamanı M.Kərimov FMAM idarə heyətində qurumun direktoru ilə yeni layihələrin yerinə yetirilməsi sahəsində əməkdaşlığa dair müqavilə imzalamışdır. Bu, əsasən, ölkəmizdə mühüm əhəmiyyət kəsb edən arxeoloji və geofizika sahələrini əhatə edir. Müqaviləyə əsasən, bu layihələri Fransa tərəfi maliyyələşdirəcəkdir.
Fransa Milli Araşdırmalar Mərkəzində bağlanmış müqavilə Azərbaycanda elmin inkişafı, milli kadrların yetişdirilməsi ilə bağlı Dövlət Proqramının müvəffəqiyyətlə yerinə yetirilməsində böyük rol oynayacaqdır.