Ümumrespublika müsabiqəsinin qalibləri müəyyənləşib
Mədəniyyət və Turizm Nazirliyinin 3 noyabr 2010-cu il tarixli 535 nömrəli əmrinə əsasən, Kürdəmirdə və Oğuzda "İstedadlı uşaqlar" proqramı çərçivəsində ümumrespublika müsabiqəsi qaliblərinin təltifolunma mərasimi keçirilib. Müsabiqədə Kürdəmirdə muğam, mahnı ifaçılığı, aşıq musiqisi, instrumental ifaçılıq üzrə, Oğuzda bədii qiraət, təsviri və dekorativ sənət üzrə qaliblərə mükafatlar təqdim olunub.
Kürdəmir rayon mədəniyyət evində muğam, mahnı ifaçılığı, aşıq musiqisi, instrumental ifaçılıq üzrə respublika müsabiqəsi qaliblərinin yekun konserti keçirilib. Tədbirdə 44 şəhər və rayondan gənc istedadlı uşaqlar iştirak edib.
Tədbirdə iştirak edən Kürdəmir rayon icra hakimiyyəti başçısının müavini Ə.Mikayılov çıxışında tədbirin Kürdəmir şəhərində keçirildiyinə görə, Mədəniyyət və Turizm Nazirliyinə rayon rəhbərliyinin minnətdarlığını bildirib, bunun rayonun mədəni həyatında mühüm hadisə olduğunu vurğulayıb. Sonra qaliblərə nazirliyin diplom və hədiyyələri təqdim edilib. Təltifolunma mərasimindən sonra iştirakçıların çıxışlarından ibarət konsert keçirilib.
Oğuz rayon mədəniyyət evində keçirilmiş tədbirdə respublikanın 19 şəhər və rayonlarından gənc istedadlı uşaqlar iştirak ediblər. Tədbirdə istedadlı gənclərə nazirliyin diplom və hədiyyələri təqdim edilib.
Təqdimolunma mərasimindən sonra bədii qiraət üzrə müsabiqə qalibləri çıxış ediblər. Rayon mədəniyyət evin foyesində təşkil edilmiş təsviri və dekorativ sənət üzrə müsabiqə qaliblərinin rəsm əsərlərindən ibarət sərgisi tədbir iştirakçılarının marağına səbəb olub.
Tədbir bölgələrdə yaşayan uşaq və gənclərə ölkə rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğı razılıq hissi ilə qarşılanıb.