Azərbaycan və Çelyabinsk vilayətinin mədəniyyət nazirləri arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyevin rəhbərliyi ilə Azərbaycandan olan nümayəndə heyəti Rusiya Federasiyasının Çelyabinsk şəhərində "Ozan" Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Cənubi Ural və Azərbaycan xalqlarının dostluq dekadası"nda iştirak edib.
Dekada çərçivəsində muğam, Azərbaycan xalq rəqsləri və milli mahnıları üzrə ustad dərsləri, Aslan Görərxalı və Nina Yaqodintseva ilə görüşlər keçirilib, "Cənubi Ural - Azərbaycan: dostluq və əməkdaşlıq yolunda" adlı elmi-praktiki konfrans təşkil olunub. Proqrama, həmçinin, Çelyabinsk Dövlət Mədəniyyət və İncəsənət Akademiyasında Azərbaycandan olan nümayəndə heyətinin və Çelyabinsk şəhərinin yaradıcı tələbə kollektivlərinin iştirakı ilə təqdim olunan konsert proqramı da daxil edilib.
Azərbaycandan olan heyət "Malaxit" Rusiya Dövlət Orkestrinin konsertinə, İncəsənət Muzeyində keçirilən Dövlət Tretyakov Qalereyasının əsərlərindən ibarət sərgiyə və Çelyabinsk vilayətinin Diyarşünaslıq Muzeyinə dəvət olunub.
Azərbaycan nümayəndə heyətinin rəhbəri, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyevin Çelyabinsk vilayətinin mədəniyyət naziri Aleksey Valeryeviç Betextin, Çelyabinsk vilayətinin iqtisadi inkişaf naziri İqor Nikolayeviç Laşmanov və Çelyabinsk şəhər merinin müavini İqor Vladimiroviç Lopatkinlə görüşləri təşkil olunub. Çelyabinsk Dövlət Mədəniyyət və İncəsənət Akademiyasının rektoru V.Y.Ruşaninlə görüş zamanı ikitərəfli əlaqələrin möhkəmlənməsi və inkişafı, gələcəkdə elmi seminarlar, treninq-kursların təşkil olunması məsələləri müzakirə edilib.
Dekada çərçivəsində Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə keçirilən "Kiçik həcmli hekayələr və bir pərdəli pyeslər müsabiqəsi"ndə üçüncü yerə layiq görülən dramaturq Yeqor Çerlak diplom və hədiyyələrlə təltif olunub.
Qeyd edək ki, dekada müddətində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Çelyabinsk vilayətinin Mədəniyyət Nazirliyi arasında 2011-2012-ci illər üzrə mədəniyyət sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb. İmzalanan memorandumda mədəniyyət, ədəbiyyat və incəsənət haqqında əməkdaşlığın genişlənməsi və dərinləşməsindən bəhs olunur.