Azərbaycan musiqiçisinin daha bir beynəlxalq uğuru
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi, Azərbaycanın xalq artisti, professor Zəhra Quliyevanın sinfində təhsil alan Mustafa Mehmandarov Lüksemburqda keçirilən beynəlxalq müsabiqənin qalibi olub. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən aldığımız məlumata görə, beynəlxalq səviyyədə 27-ci dəfə reallaşan müsabiqəyə bu dəfə 128 musiqiçi qatılıb. Lüksemburq, Almaniya, Fransa, İspaniya, İsveç, Gürcüstan, Azərbaycan, Litva və digər ölkələrdən olan musiqiçilərdən 41 skripkaçı müsabiqədə öz istedadını göstərib. Müsabiqənin şərtlərinə görə, iştirakçılardan heç kimə müsabiqənin keçiriləcəyi Lüksemburq Konservatoriyasının zalında məşq etməyə icazə verilməyib.
Beynəlxalq münsiflər heyətinin qərarına əsasən, iştirakçılar içindən ən yaxşıları - Azərbaycan, Fransa və Gürcüstan seçilib.
Qeyd edək ki, Mustafa Mehmandarovun uğur qazanmasında onu müşayiət edən BMA-nın dosenti Kəmalə Neymanovanın da zəhməti var.