Vokalçıların Bülbül adına V Beynəlxalq Müsabiqəsinə yekun vuruldu Müsabiqənin Qran-pri mükafatını Qazaxıstan təmsilçisi qazandı
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Vokalçıların Bülbül adına V Beynəlxalq Müsabiqəsinə yekun vuruldu. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və "Bülbül Fondu"nun təşkilatçılığı ilə keçirilən müsabiqədə 11 ölkədən 76 nəfər ifaçı iştirak edirdi.
Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, "Bülbül Fondu"nun prezidenti, ölkəmizin Rusiya Fedrasiyasındakı səfiri, xalq artisti, professor Polad Bülbüloğlu çıxış etdilər. Qeyd edildi ki, vokalçıların Bülbül adına birinci Beynəlxalq Müsabiqəsi görkəmli müğənni Bülbülün anadan olmasının 100 illiyi ərəfəsində, 1997-ci ildə xalqımızın Ümummilli Lideri, mədəniyyətimizin təəssübkeşi Prezident Heydər Əliyevin müvafiq Sərəncamı ilə keçirilib. Ötən müddətdə müsabiqənin coğrafiyası daha da genişlənmişdir.
Qeyd edək ki, artıq bir neçə ildir ki, bu mötəbər müsabiqə öz qonaqpərvərliyi və şöhrətli vokal məktəbi ilə tanınan ecazkar Bakı şəhərində keçirilir. Bülbül müsabiqəsinin qalibləri bu gün dünyanın ən tanınmış səhnələrində uğurla çıxış edən parlaq ifaçılardır. Bu da təsadüfi deyil. Çünki beynəlxalq tərkibli münsiflər heyətinə uzun illərdən bəri təkrarolunmaz müğənni və pedaqoq, unudulmaz sənətkar İrina Arxipova rəhbərlik etmişdir. Bu il bu missiya opera səhnəsinin görkəmli nümayəndəsi, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Lenin mükafatı laureatı Yevgeni Nesterenkoya həvalə olunmuşdur. Müsabiqənin uzunillik tarixində, ilk dəfə olaraq, münsiflər heyətinin tərkibinə, nəinki ifaçılar, həm də tanınmış menecerlər, prodüserlər, dünyada ən məşhur opera teatrlarının rəhbərləri daxildir. Elə ona görə də böyük nüfuz qazanan müsabiqədə iştirak etmək arzusunda olan gənc vokalçıların sayı ildən-ilə artır. İnanırıq ki, Vokalçıların Bülbül adına Beşinci Beynəlxalq Müsabiqəsi ənənəyə sadiq qalaraq, dünya opera ifaçılığı sənətinə dəyərli töhfələrini verəcəkdir. Bu il də Bülbül müsabiqəsi vokalçılar arasında yeni opera ulduzlarını kəşf etdi. Onlar daha böyük uğurlara imza atacaqlar.
Sonra qaliblərə laureat adı və diplomlar təqdim edildi. Mədəniyyət və Turizm Nazirliyinin "Bülbül Fondu" ilə birgə təşkil etdiyi beynəlxalq müsabiqənin Qran-pri mükafatını Qazaxıstan təmsilçisi Azamat Jeltırquzov qazandı.
Münsiflər heyətinin qərarı ilə birinci yerə Ramiz Usmanov (Özbəkistan), Aleksandr Çuvpilo (Ukrayna), ikinci yerə Aleksey Lavrov (Rusiya), Jenisbek Piyazov (Özbəkistan), üçüncü yerə Jalə İsmayılova (Azərbaycan), Mariya Kublaşvili (Gürcüstan), dördüncü yerə isə Konstantin Brjinski (Rusiya) və Azər Rzazadə (Azərbaycan) layiq görüldülər.
İştirakçılara müxtəlif nominasiyalar üzrə müsabiqənin xüsusi prizləri də təqdim olundu. Mükafatlandırma mərasimi laureatların konsert proqramı ilə davam etdi.