“Sosial şəbəkələr” kitabı çapdan çıxıb
Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutu Elmi Şurasının qərarı ilə çapa məsləhət görülmüş "Sosial şəbəkələr" kitabı çapdan çıxıb. Kitabın müəllifləri AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev, texnika elmləri namizədi Yadigar İmamverdiyev və Fərqanə Abdullayevadır. Elmi redaktoru isə fizika-riyaziyyat elmləri namizədi Ramiz Alıquliyevdir.
Son dövrlər yeni texnologiyalar sosial şəbəkələrlə daha sıx inteqrasiya olunur, sosial şəbəkə analizi inkişaf edir, riyaziyyat, fizika, biologiya, kompyuter elmləri, sosiologiya, epidemiologiya və digər sahələrdən tədqiqatçılar bura cəlb edilir. Şəbəkə analizi ideyaları metabolik və genetik tənzimləmə şəbəkələrinin analizinə, miqyaslanan naqilli və naqilsiz rabitə şəbəkələrinin layihələndirilməsinə, xəstəliklərə nəzarət üçün vaksinasiya strategiyalarının işlənməsinə və praktik məsələlərin geniş spektrinə tətbiq edilir.
Qeyd edək ki, sözügedən mövzuda tədqiqatlar ən məşhur elmi jurnallarda müntəzəm çap edilir, müxtəlif sahələr üzrə konfransların prioritet istiqamətləri sırasındadır, dövrün aktual məsələsi kimi elmi kitabların əsas mövzusuna çevrilib. "Sosial şəbəkələr" kitabı da həmin nəşrlər silsiləsindəndir.
Kitabda sosial şəbəkə yanaşmalarının təşəkkülü, sosial şəbəkələrin strukturu və növləri, tətbiq sahələri şərh olunur. Sosial şəbəkə ölçmələrinin əsas prinsipləri, indikatorları, riyazi əsasları və şəbəkə analizinin modelləri araşdırılır.
Sosial şəbəkələrin tətbiqi baxımından internet şəbəkəsi, onlayn sosial şəbəkələr, biliklər şəbəkəsi və sosial şəbəkələrin analizi üzrə proqram təminatı nəzərdən keçirilir.
Yeddi fəsildən və əlavələrdən ibarət kitab informasiya texnologiyaları üzrə mütəxəssislər, tələbələr və aspirantlar üçün nəzərdə tutulub. Təqdim olunan yeni nəşr dinamik inkişaf edən sosial şəbəkə texnologiyalarının imkanları və əsas problemləri ilə tanış olmaq, həmçinin, gələcək elmi-praktiki tədqiqatların istiqamətini müəyyənləşdirmək üçün mükəmməl vəsaitdir.