PDF Oxu

Mədəniyyət

  • 19

"Bakı gecələri - 2010" Estrada Mahnı Festivalının üçüncü konsert proqramı təqdim olundu

"Bakı gecələri - 2010" Estrada Mahnı Festivalının üçüncü konsert proqramı təqdim olundu
"Bakı gecələri - 2010" Estrada Mahnı Festivalı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi və Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə keçirilir. Festivalın başlıca məqsədi mahnı müəlliflərinin yaradıcılıq fəaliyyətini inkişaf etdirmək, estrada ifaçılarını dəstəkləmək, Azərbaycanı beynəlxalq müsabiqələrdə layiqincə təmsil edəcək estrada ifaçılarını yetişdirmək və estrada mahnı janrını inkişaf etdirməkdir.
Xatırladaq ki, üç möhtəşəm konsert proqramından ibarət olan "Bakı gecələri - 2010" Estrada Mahnı Festivalının birinci konsert proqramı sentyabrın 13-də, ikinci konsert proqramı isə oktyabrın 11-də Azərbaycan Dövlət Musiqili Komediya Teatrında keçirildi. Bu möhtəşəm proqramlardan sonra "Bakı gecələri - 2010" Estrada Mahnı Festivalının üçüncü konsert proqramı Azərbaycan Dövlət Musiqili Komediya Teatrında təqdim olundu.
Qeyd edək ki, üçüncü konsert proqramında Manana, İzzət Bağırov, Elariz Məmmədoğlu, Nadir Bayramlı, Rüfət Axundov, Nurlan Əzizbəyli, Günel Məhərrəmli və başqaları iştirak etdilər.
İlkin üç mərhələdə təqdim olunan mahnılar münsiflər heyəti tərəfindən qiymətləndirilərək, yüksək bal toplamış əsərlər finala - 24 dekabr 2010-cu il tarixində Heydər Əliyev Sarayında keçiriləcək Qala konsertə vəsiqə qazandılar. Finalda səslənən mahnılar müxtəlif nominasiyalar üzrə mükafatlar uğrunda mübarizə aparacaqlar. Qala-konsertdə iştirak edən müğənnilər "Bakı gecələri Estrada Mahnı Festivalının Laureatı" adına layiq görüləcəklər.
Xatırladaq ki, 2008-ci ildən etibarən hər il keçirilən "Bakı gecələri" Estrada Mahnı Festivalı tamaşaçılar tərəfindən səbirsizliklə gözlənilir və böyük rəğbətlə qarşılanır. "Bakı gecələri" Estrada Mahnı Festivalının qalibi 2008-ci ildə Cəlal Abbasovun ifa etdiyi Eldar Mansurovun "Taleyim" mahnısı, 2009-cu ildə isə Natəvan Həbibi və İntizar Məmmədov duetinin ifa etdiyi Murad Arifin "Sevdiyini söylə" mahnısı olmuşdur.
Bu il tamaşaçılar müxtəlif nominasiyalar üzrə qalibləri "online" səsvermə yolu ilə müəyyən etmək şansını əldə edəcəklər.
Qeyd edək ki, səsverməyə noyabrın 20-dən etibarən start veriləcək.

Digər xəbərlər