"Azərbaycan xalqının milli özünütəsdiqində ədəbiyyat və mədəniyyətin yeri" beynəlxalq konfransı
30 noyabr 2010-cu il tarixdə AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin yaradılmasının 70 illik yubileyi münasibətilə muzeydə "Azərbaycan xalqının milli özünütəsdiqində ədəbiyyat və mədəniyyətin yeri" mövzusunda beynəlxalq konfrans keçiriləcək. Konfransda AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin yaranma tarixindən, ekspozisiyasından söz açılacaq. Qeyd edək ki, muzeydə görkəmli ədiblərin əlyazmaları, məşhur xəttatların yazı nümunələri, klassiklərin əsərlərinə çəkilən miniatürlər, Azərbaycan yazıçılarının əsərləri və sənədli fotoşəkillər xalq yaradıcılığı nümunələri, müxtəlif dövrlərə aid sikkələrin kolleksiyası, qədim xalçalar, saxsı və bürünc qablar və digər maddi mədəniyyət abidələri nümayiş olunur. Muzeyin zəngin kitabxanasında qədim dövrlərdən tutmuş müasir dövrü əhatə edən müxtəlif dillərdə kitablar saxlanılır. 2005-ci ildən "milli" statusunu almış Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi bu gün ölkə Prezidenti cənab İlham Əliyevin göstərdiyi diqqət və qayğı nəticəsində respublikanın çox mühüm elm və mədəniyyət ocağına çevrilmişdir.
Muzey təkcə yeni müstəqillik əldə etmiş ölkələr sırasında deyil, Yaxın və Orta Şərqdə, eləcə də, Avropada yeganə ədəbiyyat muzeyidir.
Qeyd edək ki, 2005-ci ildən muzeyin aspiranturası fəaliyyət göstərir. Muzeyin elmi işləri Azərbaycan ədəbiyyatına və mədəniyyətinə aid materialların toplanması, tədqiqi, elmi fondlarda qorunması, ekspozisiyada və sərgilərdə nümayiş etdirilməsi istiqamətində aparılır. Muzeydə 9 şöbə fəaliyyət göstərir.
Qeyd edək ki, muzeyin 70 illik yubileyi münasibətilə silsilə tədbirlər il boyu davam etdiriləcək.