Ozan-aşığın yubileyi qeyd olnacaq
Noyabrın 23-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Tovuz rayonunda dünyaya göz açmış ozan-aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Xanlar Məhərrəmovun 60 illik yubileyinə və yenicə işıq üzü görmüş "Ya saz öldürəcək, ya Xanlar məni" adlı xatirələr kitabının təqdimatına həsr olunmuş ədəbi-bədii gecə keçiriləcəkdir.
Qeyd edək ki, ozan-aşıq sənətinə ötən yüzilliyin 70-ci illərində gəlmiş Aşıq Xanlar Məhərrəmov ecazkar solo-saz ifaları və özünəməxsus təkrarolunmaz oxu tərzi ilə yadda qalmışdır.
Qənirə Paşayevanın "Xanların sənət dünyası" adlı maraqlı ön sözü ilə açılan kitabın redaktorları xalq şairi Zəlimxan Yaqub, şair Əkbər Qoşalıdır.
Bağman Baba və Azər Xanlaroğlunun tərtib etdikləri kitab "Nurlan" nəşriyyatında çap olunmuşdur. Yüksək poliqrafik keyfiyyətdə nəşr edilmiş kitabda sənətkarın sənət dostlarının xatirələri, tanınmış ziyalıların maraq doğuran yazıları ilə yanaşı, şairlərin aşığa həsr etdikləri şeirlər də yer almışdır. Kitaba professorlar Məhərrəm Qasımlı və Qəzənfər Paşayev rəy vermişlər.
Ədəbi-bədii gecə Qənirə Paşayevanın və "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin təşkilatçılığı ilə keçiriləcəkdir.