"Gülüstan" poeması qırğız və Azərbaycan dillərində
Bişkekdə fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi və dəstəyi ilə böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadənin "Gülüstan" poeması qırğız və Azərbaycan dillərində ayrıca kitab şəklində nəşr edilmişdir.
Poemanı Azərbaycan dilindən gənc şair Altınbek İsmailov tərcümə etmişdir. Mütəxəssislərin ilkin rəyinə görə, son vaxtlar Qırğızıstanda bu, ilk belə yüksək səviyyəli şeir tərcüməsidir. Kitabın baş məsləhətçisi Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərov, məsləhətçiləri Əhməd Hüseynov, Qənirə Paşayeva, Nüsrət Məmmədov, Hikmət Məmmədov, Qafar Əliyev və Şakir Həsənovdur. Kitabın tərtibatçıları Novruz Məmmədov, Aqil Hacıyev və Nizami Cəfərov, redaktoru isə Qırğızıstanın Xalq şairi, Qırğızıstanın Xalq Qəhrəmanı Sooronbay Cusuyev və Cumadin Kadırovdur. Kitab 1000 nüsxə tirajla nəşr edilmişdir.
Qeyd edək ki, bu yaxınlarda Bəxtiyar Vahabzadənin "Biz bir gəmidəyik" şeirlər kitabı qırğız dilində nəşr olunacaqdır. Şairin "Gülüstan" poeması həmin kitaba Azərbaycan, qırğız, rus və ingilis dillərində daxil edilmişdir.