Bakıda Beynəlxalq Teatr Konfransı öz işinə başlayacaq
Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 may 2009-cu il tarixli Sərəncamı ilə "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı təsdiq edilmişdir. Proqramda Mədəniyyət və Turizm Nazirliyinə, Milli Elmlər Akademiyasına və Azərbaycan Teatr Xadimləri İttifaqına müasir dövrün teatr problemlərinə həsr olunmuş beynəlxalq elimi-praktik konfransın keçirilməsi həvalə olunmuşdur. Bununla əlaqədar cari ilin 7-12 noyabr tarixlərində Bakıda Beynəlxalq Teatr Konfransı keçiriləcəkdir.
Mədəniyyət və Turizm Nazirliyindən aldığımız məlumata görə, konfransda Avropa, Asiya və Amerika qitələrinin tanınmış teatr mütəxəssislərinin, rejissor və dramaturqlarının, kulturoloqlarının iştirakı nəzərdə tutulmuşdur. Azərbaycanda ilk dəfə keçiriləcək beynəlxalq elmi-praktik konfransın dəvətliləri sırasında ABŞ, Kanada, Türkiyə, İngiltərə, Fransa, Almaniya, Gürcüstan, Rusiya, Belarus, Estoniya, Özbəkistan, Tacikistan, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Moldova, Avstriya, Yunanıstan, Koreya, Tunis, Oman, Çernoqoriya, Çin, Səudiyyə Ərəbistanı, İran, Sinqapur, Küveyt kimi ölkələrdən tanınmış teatr simaları vardır. Dövlət Proqramında belə elmi-praktik konfransların mütəmadi, daha dəqiq desək, iki ildən bir keçirilməsi nəzərdə tutulmuşdur. Elmi-praktik konfrans çərçivəsində tanınmış teatr xadimlərinin ustad dərslərinin və treninqlərin keçirilməsi planlaşdırılır.
Konfrans iştirakçıları ilk olaraq Fəxri Xiyabanda Ulu Öndərin qəbirüstü abidəsini, Şəhidlər Xiyabanını ziyarət edəcəklər. Akademik Milli Dram Teatrının konfrans zalında rəsmi açılış olacaq.
Bakı Beynəlxalq Teatr Konfransının proqramına əsasən 7-12 noyabr tarixlərində Azərbaycan Dövlət Rus Dram Teatrında M.Zadornovun "Ər almaq istəyirəm", Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında V.Şekspirin "Otello", Azərbaycan Dövlət Pantomima Teatrında N.Qəribovanın "Adsız" tamaşaları göstəriləcək. Bununla yanaşı, seminarların keçirilməsi də nəzərdə tutulub. Akademik Milli Dram Teatrında "Teatr tənqidi: Mişel Vais", "Teatr rəssamlığı: İosif Yusupov", "Teatr tənqidi: Piter Qoldfarb", "Teatr geyimi: İrina Krujilina" mövzusunda seminarlar reallaşacaq.