Göteborq şəhər Kitabxanasında "Azərbaycan guşəsi" yaradılacaq
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti 10-15 avqust tarixlərində İsveç Krallığının Göteborq şəhərində təşkil olunan "İFLA-2010" Beynəlxalq Kitabxana Konfransı çərçivəsində Göteborq şəhər Kitabxanası ilə tanış olmuş, kitabxanada Azərbaycan bölməsinin kitab fondunun zənginləşdirilməsi barədə razılıq əldə edilmişdir.
Bununla əlaqədar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanın tarixi, dövlətçiliyi, iqtisadiyyatı, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, habelə, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında kitab və elektron nəşrlər kolleksiyası hazırlanmış və Göteborq şəhər Kitabxanasına göndərilmişdir.
Sözügedən nəşrlər arasında "Prezident İlham Əliyev və mədəniyyət (I və II cild)", "Kultura i kulturnıe şedevrı Azerbaydjana - unikalnoe poslanie buduşim pokoleniyem", Erich Feigl "Armenia mithomania", "Soyqırım cinayəti", F.R.Zeynalov "Qədim türk yazılı abidələri", A.Bakıxanov "Gülüstani - İrəm", Səid Nəfisi "Babək", "Kitabi - Dədəd Qorqud", klassik və müasir Azərbaycan ədəbiyyatına dair latın qrafikalı kitablar, habelə, "The Truth itself", "Armenian terrorism", "The tragedy of Khodjaly", "Qarabağ düyünü", "This is our Azerbaijan", "Azerbaijan motifs DVD", "Azerbaijan carpet", "Azərbaycanın Kitab Abidələri", Qara Qarayev "Seçilmiş əsərləri", "Azerbaijan: Azerbaijan music, Azerbaijan Mugam" və s. elektron nəşrlər, DVD-lər göndərilmişdir.
"Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"na uyğun olaraq Göteborq şəhər Kitabxanasında "Azərbaycan guşəsi"nin yaradılması nəzərdə tutulmuşdur.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Tacikistan Respublikasının Milli Kitabxanasının yeni binasının açılışı ilə əlaqədar Azərbaycan haqqında kitab və elektron nəşrlər kolleksiyası hazırlanmış və sözügedən kitabxanaya göndərilmişdir.
Kitab kolleksiyasına Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 yanvar tarixli "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" Sərəncamı ilə nəşr olunan kitablar daxil edilmişdir. Elektron nəşrlər kolleksiyasına isə Azərbaycan mədəniyyətinə dair, habelə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini əks etdirən DVD-lər də daxil edilmişdir.