"Tarixi Şəhər Landşaftı" yanaşmasının tətbiqi" mövzusunda beynəlxalq seminar
Oktyabrın 17-dən 21-dək "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi YUNESKO-nun təşkilati dəstəyi ilə Bakıda "İçərişəhər irsinin konservasiyası və inkişafında "Tarixi Şəhər Landşaftı" yanaşmasının tətbiqi" mövzusunda beynəlxalq seminar keçirəcək. Seminarın keçirilməsində əsas məqsəd YUNESKO tərəfindən Dünya İrsi Siyahısına daxil edilən tarixi şəhərlərin bir çoxunda konservasiya ilə inkişafın uyğunlaşdırılmasında yaranan problemləri aradan qaldırmaq üçün "Tarixi Şəhər Landşaftı" konsepsiyasının hazırlanması və bu yanaşmanın İçərişəhərə tətbiq edilməsi üçün ekspertlər arasında müzakirələrin keçirilməsidir. Seminarda iştirak etmək üçün YUNESKO-nun Dünya İrsi Mərkəzinin əməkdaşları və müvafiq sahələr üzrə ixtisaslaşan ABŞ, Finlandiya, Niderland, İtaliya, İspaniya, Böyük Britaniya, Fransa, Polşa, Avstriya və Avstraliya kimi ölkələri təmsil edən nüfuzlu beynəlxalq ekspertlər Bakıya səfər edəcəklər. Seminarda İçərişəhərin konservasiyası üzrə Baş (Master) Planın müəllifləri olan italiyalı mütəxəssislərin, həmçinin, bir neçə yerli və xarici memarların iştirakı da gözlənilir.