Milli Teatr Festivalının yeni mərhələsi
2010-cu il fevral ayının 22-də start götürmüş Milli Teatr Festivalının ikinci mərhələsi artıq başa çatmışdır. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, festivalın birinci mərhələsində altı teatr, ikinci mərhələsində isə on bir teatr iştirak etmişdir. Tamaşalar Bakının müxtəlif teatrlarında, Azərbaycan Teatr Xadimləri İttifaqının və Sumqayıt Dövlət Musiqili Dram Teatrının səhnələrində oynanılmışddır. Dövlət Gənc Tamaşaçılar Teatrının foyesində Azərbaycan teatrının 137 illik tarixini əks etdirən səyyar sərgi nümayiş etdirilmişdir.
Növbəti mərhələ isə oktyabr ayının 11-dən başlayaraq dekabrın 10-dək davam edəcək. Bakı və Sumqayıt şəhərlərində 200 nəfərdən ibarət yaradıcı kollektivlərin iştirakı nəzərdə tutulmuşdur.
Qeyd olunan müddət ərzində Bakı və Sumqayıt şəhərlərində Qax Gürcü Dram Teatrı, "Yuğ" Teatrı, Pantomima Teatrı, Qazax Dram Teatrı, İrəvan Azərbaycan Dram Teatrı, Bakı Bələdiyyə Teatrı, Bakı Uşaq Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı, Qax Dövlət Kukla Teatrı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının çıxışları planlaşdırılmışdır.
2010-cu il milli teatr festivalının cədvəlinə əsasən üçüncü mərhələnin ilk günündə Qax Dövlət Kukla Teatrı "Turp" (rus xalq nağılı əsasında) tamaşasını təqdim etdi. Bu gün Qax Dövlət Gürcü Dram Teatrı B.Tomasın "Çarlinin xalası", "Yuğ" Teatrı A.P.Çexovun "Birinci akt" tamaşalarını oynayacaqdır. Silsilə olaraq təqdim olunacaq tamaşalar sırasında "Yuğ" Teatrı M.Servantesin "Psix", Azərbaycan Dövlət Pantomima Teatrı Z.Zeynalovun "Maska", Qazax Dövlət Dram Teatrı B.Vahabzadənin "Kimdir haqlı?", İrəvan Dövlət Azərbaycan Dram Teatrı K.Abdullanın "Unutmağa kimsə yox" tamaşalarını təqdim edəcəkdir.