Azərbaycan Respublikasının Prezident təqaüdçüləri, Bakı şəhər L.və M.Rostropoviçlər adına 21 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdi İsrafil Rəsulov (truba) və məktəbin məzunu, hazırda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birinci kursunda təhsil alan Nicat Məmmədov (fleyta) Moskva şəhərində dünya şöhrətli, mərhum sənətkar Mstislav Rostropoviç adına fondun keçirdiyi "Slava, maestro" ustad siniflərin İkinci Beynəlxalq Festivalında iştirak etmişlər. Ustad sinifləri Qalina Vişnevskayanın Opera Mərkəzinin konsert zalında keçirilirdi. Həmyerlilərimiz festivalın açılışında və P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında çox böyük uğurla çıxış etmişlər. Burada onlar həm görkəmli Azərbaycan, həm də dünya şöhrətli bəstəkarların əsərlərini ifa etmişlər. Bunun nəticəsi olaraq hər iki gənc musiqiçi Moskva Dövlət Konservatoriyasında təhsillərini davam etdirmək dəvəti almışlar.
Mstislav Rostropoviç Mədəniyyət və Humanitar Proqramlar Fondu rəhbərliyinin qərarına əsasən 2010/2011-ci tədris ilinə İsrafil Rəsulov D.D.Şostakoviç adına, Nicat Məmmədov S.S.Prokofyev adına təqaüdə layiq görülmüşlər.