"Ortaq türk keçmişindən ortaq türk gələcəyinə" Uluslararası Folklor Konfransına start veriləcək
Azərbaycanda folklorun aktual problemləri ilə məşğul olan mütəxəssislərin müntəzəm olaraq görüşlərini və elmi fikir mübadilələrini təmin etmək zəruri və vacib məsələlərdəndir. Məhz bu məqsədlə, bununla yanaşı, Azərbaycandakı folklor tədqiqatlarını dünya standartlarına uyğunlaşdırmaq, elmi inteqrasiyanın miqyasını genişləndirmək, qlobal folklor prosesləri ilə ayaqlaşmaq məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu müntəzəm şəkil almış beynəlxalq simpoziumlar silsiləsindən növbəti konfransını keçirir. Folklor İnstitutunun mətbuat xidmətindən verilən məlumata görə, "Ortaq türk keçmişindən ortaq türk gələcəyinə" Uluslararası Folklor Konfransı 14-15 oktyabr tarixlərində paytaxtımızda reallaşacaq. Konfransa türk xalqlarının folkloru və folklorşünaslığın aktual problemlərini araşdıran mütəxəssislər, ümumiyyətlə, Azərbaycan mənəvi mədəniyyətinin müxtəlif sahələri ilə məşğul olan tədqiqatçılar qatılacaqlar. Bu il konfransın problematikası "türk epik ənənəsində dastan" kimi müəyyənləşdirilmişdir. Konfrans Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu tərəfindən təşkil olunur.