PDF Oxu

Mədəniyyət

  • 11

TÜRKSOY beynəlxalq təşkilatının dəstəyi ilə "Qeyri-maddi mədəni irs təhsili" mövzusunda görüş keçirilib

TÜRKSOY beynəlxalq təşkilatının dəstəyi ilə "Qeyri-maddi mədəni irs təhsili" mövzusunda görüş keçirilib
TÜRKSOY beynəlxalq təşkilatının dəstəyi ilə Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi Araşdırma və Təhsil Baş İdarəsi tərəfindən Antalya şəhərində təşkil olunmuş "Qeyri-maddi mədəni irs təhsili" mövzusunda YUNESKO-nun ekspert görüşündə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin qeyri-maddi mədəni irs sektorunun müdiri Y.Hüseynli təmsil edib.
Albaniya, Azərbaycan, Bolqarıstan, Çin, Fransa, Keniya, Koreya Respublikası, Qabon, Meksika, Mərakeş, Tunis, Türkiyə, həmçinin, YUNESKO və TÜRKSOY nümayəndələrinin qatıldığı tədbirdə qeyri-maddi mədəni irs sahəsində formal və qeyri-formal təhsilin əhəmiyyəti, müxtəlif aspektləri, həmçinin, qeyri-maddi mədəni irs sahəsində uşaq bağçalarından başlayaraq, ali təhsil ocaqlarına qədər təhsil metodikalarının təkmilləşdirilməsi məsələlərinə diqqət yetirilib. Tədbirdə milli qanunvericiliklərin inkişaf etdirilməsi, yerli mədəniyyət siyasətçilərinin, qeyri-hökumət təşkilatlarının, ustad-tələbə, ictimai mərkəzlər və kütləvi informasiya vasitələrinin rolu müzakirə edilib.
Y.Hüseynli "Qeyri-maddi mədəni irs sahəsində təhsilin mənası" adlı təqdimatında, göstərilən təhsilin özünəməqsəd olmadığını, əksinə, praktiki tələbatlara adekvat cavab verə biləcək qabiliyyətlərə malik olan mütəxəssislərin yetişdirilməsinə xidmət etməli olmasına diqqət yönəldib. Bundan başqa, qeyri-maddi mədəni irsin qədim xarakterinə, sahəyə aid olan müxtəlif mütəxəssislərin (mədəniyyətşünasların, folklorşünasların, folklor-musiqişünasların və s.) olmasına baxmayaraq, məhz "qeyri-maddi mədəni irs mütəxəssisi" hazırlayan təhsilin, hələlik, formalaşmadığı qeyd olunub. Hadisənin xalqların və ümumilikdə, bəşəriyyətin təşəkkül tapmasında vacibliyini nəzərə alaraq, bildirilib ki, "Qeyri-maddi mədəni irs" ayrıca bir ixtisas kimi qərarlaşdırılmalı, buraxılan məzun isə qeyri-maddi mədəni irsin mədəniyyət fəzasındakı yeri, diyarşünaslıq, folklor və sənətkarlıq kimi əsas istiqamətləri ilə yanaşı, sahə üzrə mədəniyyət siyasətinin qanunvericilik, inzibatçılıq, maliyyələşdirmə, elm-informasiya təminatı, kadr, maddi-texniki və beynəlxalq təminatlarının, qeyri-maddi mədəni irsin alətləri və infrastrukturunun incəliklərinə bələd olmalıdır.
Böyük maraqla qarşılanan təqdimat tədbirinin gedişatına tələb olunan töhfənin verilməsi ilə yanaşı, Azərbaycanın qeyri-maddi mədəni irs sahəsində həyata keçirilən mədəni-siyasi islahatların düzgün istiqamətdə aparıldığını nümayiş etdirib.

Digər xəbərlər