PDF Oxu

Mədəniyyət

  • 15

“Dünyamızı qoruyaq"

“Dünyamızı qoruyaq"
Azərbaycan ədəbiyyatının tarixi köklərindən bəhrələnən və yaradıcılıq aləminə qapı açan istedadlı şəxslər bu günə qədər olan mövcud ənənəni əxz edərək, onun bünövrəsi əsasında fərdi yaradıcılıq üslubu ilə söz dünyasının sakini tək qəbul olunurlar. Fərdi yaradıcılıq qələm sahibinin fərdi təxəyyülünün məhsulu olaraq ortaya qoyulur.
Bu baxımdan poeziya aləminə sakin olan insanlarda fərdi dəyər əksər hallarda uşaq yaşlarından başlanır. Azyaşlı və yeniyetmənin bədii şəkildə həyatı duyaraq, dərk etməsi və özünəməxsus çalarlarla həyatla bağlı fikirlərini yaşıdları ilə bölüşməsi onun bu aləmlə bağlı yaradıcılıq duyğularının təsviri olaraq qəbul olunur. Elə bu yaxınlarda yaradıcılıq dünyasını bizlərə təqdim edən Sənəm Ramizqızı kimi. Onun məzmun baxımından fərqli olan şeirlərində balaca qızcığazın səsi, hissləri, sevgisi hiss edilməkdədir. Balaca şairənin psixologiyasını əks etdirən nəşrdə oxucular onun maraqlı fikirləri ilə qarşılaşırlar. Onun bir-birinin ardınca çap olunan "Bizi ayrı saldılar", "Qarabağ geri dönəcək" kitablarından sonra "Dünyamızı qoruyaq" kitabının nəşri balaca şairənin axtarışların bəhrəsidir. Qeyd olunan kitabların redaktoru Azərbaycan Jurnalistlər Birliyinin üzvü, publisist-pedaqoq Fazilə Xoşanqızıdır.
Onun yaradıcılıq biblioqrafiyası həcmcə qısa olsa da, diqqəti çəkən məqamlar var. Şairənin on bir yaşı var. İkinci sinifdə oxuyarkən, şeir yazmağa başlayır, bir il sonra isə bayatı və nağıllar müəllifinə çevrilir. Respublika miqyasına keçirilən müasabiqələrdə iştirak edir və uğur qazanaraq diplomlara, mükafatlara layiq görülür. Bütün bu detallar Sənəmin bacarıqlı və iti zəka sahibi olduğunu göstərir.
"Dünyamızı qoruyaq" kitabını vərəqlədikcə, balaca şairənin ürəkdən gələn duyğuları ilə başbaşa qalırsan. Bu duyğular onun yaşantılarının bədii əksidir. Yaşının az olmasına baxmayaraq, yaradıcılıq axtarışlarına çox erkən başlayıb. Həyat yolu qısa bir zamanı əhətə etsə də, bu yoldakı müşahidələri bədiiləşmiş formada təzahür olunur. Qeyd edək ki, Sənəmin yaradıcılığı rəngarəng mövzuları ilə diqqəti cəlb edir. Onun kitaba daxil olan misralarında vətən sevgisi, insani münasibətlər, xalqın seçilən insanlarına məhəbbəti və s. əsas ideya olaraq ortaya çıxır.
Sənəm Ramizqızı düşünərək yaradır. Bu hisslərin məcmusunda balaca qızcığazın zaman və məkan çərçivəsində olan ülvi hissləri birləşir. Kitabı vərəqlədikcə, şairənin dünyasına daha da yaxın olursan. Bu gerçəklikləri yaradıcı təxəyyülü ilə həzm edərək, nəzmə çəkən şairənin balaca dünyasında işıqlı həyatı duyursan, reallıqla romantik görüşlərin qovuşağında Sənəmin bakirə dünyasının maraqlı məqamları diqqəti çəkir. Kitaba daxil olan şeirləri sırasında ümummilli lider Heydər Əliyevin böyük siyasi xadim olaraq dünyada tanınması, Prezident İlham Əliyevin ölkəyə bəxş etdiyi töhfələr, eləcə də, Azərbaycanın birinci xanımı YUNESKO və İSESKO-nun xoşməramlı səfiriı, millət vəkil Mehriban xanım Əliyevanın nəcib, humanist əməlləri balaca şairənin təxəyyülünün məhsulu olaraq ortaya qoyulur. Onun "Mehriban Əliyeva" şeirində Azərbaycanın birinci xanımının qurub yaratmasından, xeyirxahlığından söz açılır.
O, "Azərbaycan" şeirində Azərbaycandan sevgi ilə, milli qürurla danışır. Bu misralarda Azərbaycanı sərvətlər ölkəsi, barlı-bərəkətli bir torpaq olmaqla yanaşı, qəhrəmanlar diyarı tək də təqdim edir. Balaca şairənin Azərbaycan torpağına, onun tarix və mədəniyyətinə bələd olması misralarında özünü göstərir. Qeyd edək ki, o, təhsil aldığı orta məktəbdə müəllimlərin hörmət və məhəbbətinin qazanmışdır. Artıq məktəbdə onu balaca şairə kimi tanıyır və qəbul edirlər. Bu da Sənəmin istedad və zəhmətinin qiymətidir.
"Dünyamızı qoruyaq" kitabına onun şeirləri ilə yanaşı, hekayə və təmsilləri də daxil edilib. "Yuxu", "Su pərisi", "Görüş", "Amansız qış" hekayələri və "Heyvanların üsyanı", "Kirpilərin dostluğu", "Güllər və meyvələr" təmsilləri Sənəmin müxtəlif ədəbi növlərə müraciət etməsini və hər birində özünü tapmasını göstərir.
Balaca şairəyə uğurlar diləyir və onun yaradıcılıq yolunun işıqlı və zəngin olmasını diləyirik.

Digər xəbərlər