"Ləzgi rəqsi"nin partiturası nəşr olunub
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Mədəniyyət və Turizm Nazirliyinin maddi dəstəyi ilə Azərbaycanda ilk dəfə olaraq professional və milli musiqimizin banisi, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin "Ləzgi rəqsi"nin (1932) partiturasını nəşr etdirmişdir. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, Üzeyir Hacıbəylinin 125 illiyinə həsr olunmuş Beynəlxalq Musiqi Festivalı çərçivəsində 2010- cu il 24 sentyabr tarixində bəstəkarın "Ləzgi rəqsi"nin ilk nəşrinin təqdimat mərasimi keçiriləcəkdir.
Tədbirdə muzeyin hazırladığı Üzeyir Hacıbəylinin həyat və yaradıcılığına həsr olunmuş sərgi və slayd-şou nümayiş etdiriləcəkdir.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin xalq çalğı alətləri orkestrinin bədii rəhbəri Gülağa Zeynalovun ifasında Üzeyir Hacıbəylinin "Ləzgi rəqsi", "Koroğlu" uvertürası, "Sevgili canan" romansı, "Qaragöz", "Sən o yanda, mən bu yanda" mahnıları səslənəcək, "Günay" Uşaq Teatrı "Arşın mal alan" musiqi komediyasından fraqmentlər ifa edəcəklər.