"Sehrli xalat" filmi Almaniyada nümayiş olunub
Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində Beynəlxalq Uşaq Gününə həsr olunmuş tədbir keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, AAKM və Almaniyadakı Azərbaycanlı Tələbələr və Elmi İşçilər Birliyinin birlikdə təşkil etdiyi tədbirə əsasən uşaqlar dəvət edilib. AAKM-nin icraçı direktoru Samirə Patzer-İsmayılova kiçik yaşlı soydaşlarımızı və onların valideynlərini salamlayıb, balacaları beynəlxalq bayram münasibətilə təbrik edib. Almaniyadakı Azərbaycanlı Tələbələr və Elmi İşçilər Birliyinin sədr müavini Qurban Ələkbərov da Beynəlxalq Uşaq Günü ilə bağlı fikirlərini bölüşüb və "Sehrli xalat" filmi haqda məlumat verib. Sonra Azərbaycanda balacaların sevdiyi bu film Almaniyadakı kiçik soydaşlarımıza nümayiş etdirilib.
Uşaqlar filmlə bağlı öz təəssüratlarını paylaşıb. Qeyd edək ki, bayram tədbirinə azərbaycanlı uşaqlarla birgə digər millətlərdən olan qonaqlar da qatılıb.