Daşkənddə Azərbaycan Mədəniyyət Mərkəzi açılacaq
Azərbaycanın Fransa və Özbəkistandakı səfirliklərinin tabeliyində mədəniyyət mərkəzlərinin yaradılması haqqında Prezident İlham Əliyevin müvafiq Sərəncamı Daşkənddə öz təcəssümünü tapıb. Azərbaycanlıların yığcam şəkildə yaşadıqları Daşkəndin Mirabad rayonunun mərkəzindəki Heydər Əliyev küçəsində yaxın günlərdə yeni mədəniyyət mərkəzinin açılışı olacaq. Binada Heydər Əliyev, Azərbaycanın dövlətçilik tarixi, Azərbaycan və Özbəkistanın müştərək tarixi muzeyləri fəaliyyət göstərəcək. Muzeylərdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin bütün mərhələləri miniatür şəkildə öz əksini tapacaq. Azərbaycanın dövlətçilik tarixi muzeyində vaxtilə 400 min kvadratmetr sahəsi olan ölkəmizin xəritələri, tarixi sənədlər, şəxsiyyətlər barədə məlumatlar yer alacaq. Mədəniyyət Mərkəzində Azərbaycanın musiqi, rəqs və folklor ansamblları da fəaliyyət göstərəcək. Bundan əlavə, burada Azərbaycan məktəbi və kitabxana da yaradılacaq.