Gəncə şəhəri "Azərbaycanın Əfsanələr Paytaxtı" elan olunub
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq olunmuş "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" Proqramına əsasən 2010-cu il üçün Gəncə şəhəri "Azərbaycanın Əfsanələr Paytaxtı" elan edilib.
Təsdiq edilmiş illik tədbirlər planına uyğun olaraq Gəncə şəhərində təntənəli mərasimlər, respublika və beynəlxalq səviyyəli elmi-praktiki konfranslar, dəyirmi masalar, konsertlər, müsabiqələr, sərgilər və sair tədbirlər təşkil edilir.
Tədbirlər planına əsasən, Cavad xanın məqbərəsi önündə "Gəncə Qalasında son döyüş" adlı vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiya təqdim edilmiş, Bakı şəhəri 26 saylı Uşaq Musiqi Məktəbinin kollektivi Gəncə şəhərində olmuş, "Ustad sinfin dərsləri" təşkil edilmişdir. Nizami adına Kitabxanada 26 saylı Uşaq Musiqi Məktəbinin şagird və müəllimlərinin iştirakı ilə konsert proqramı keçirilmiş, Gəncə Dövlət Dram Teatrında Gəncənin "Azərbaycanın Əfsanələr Paytaxtı" elan edilməsi ilə əlaqədar təntənəli mərasim təşkil edilmişdir. Daha sonra Gəncə və Bakı şəhərlərində keçirilmiş şənliklərdə Gəncə sənətkarlarının əl işlərindən (misgərlik, tətbiqi sənət, xalçaçılıq, metal üzərində işləmələr) ibarət sərgilər, Gəncə mətbəxi, şirniyyat növləri nümayiş olunmuşdur. Əfsanələr paytaxtı Gəncədə "Azərbaycan kinosu həftəsi" çərçivəsində şəhərin "Nizami" kinoteatrında Azərbaycan kinofilm studiyasının istehsalı olan "Qala" filmi nümayiş etdirilmişdir. Mir Cəlal Paşayevin Ev-Muzeyi Kompleksində yerləşən Gəncə Elmi-Ədəbi Tədqiqat Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin Gəncəbasar bölməsi və Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən təşkil edilmiş "Gənc qələmlər" adlı tədbirdə gənc qələm sahibləri şəhər ziyalıları ilə görüşmüşdür.
Gəncə Dövlət Kamera Orkestrində Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, dövlət mükafatçısı, görkəmli pianoçu, cazmen, bəstəkar Vaqif Mustafazadənin anadan olmasının 70 illiyi münasibəti ilə "Orena" caz ansamblının və "Qaya" dövlət vokal ansamblının iştirakı ilə konsert təşkil olunmuşdur.
Bakı şəhərində keçirilmiş I Ümumrespublika Daxili Turizm sərgisində Gəncə şəhərinin dekorativ tətbiqi sənət ustalarının (xalça, çini üzərində miniatür sənəti, Gəncə səbəti, ağac və metal üzərində oyma və s.) əl işləri, eləcə də, Gəncə mətbəxi (paxlava, zilviyyə, şirin çörək, "nazik" və s.) nümunələri nümayiş etdirilmişdir.
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestri və 1 saylı Uşaq Musiqi Məktəbinin şagirdləri Gəncənin "Azərbaycanın Əfsanələr Paytaxtı" elan edilməsi münasibəti ilə Nizami adına Kitabxanada konsert proqramı ilə çıxış etmişlər.
Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində nəşr olunan "Bakı" qəzetinin əməkdaşları Gəncənin görməli yerləri, Gəncə mətbəxi və s. barədə çəkilişlər aparmışdır.
Gəncə şəhərində xarici ölkələrdən gələn qonaqlar üçün ekskursiyalar təşkil olunmuş, onlara Gəncənin yaranması, "Gəncə" sözü haqqında əfsanə və rəvayətlər barədə məlumat verilmişdir.