Respublika Uşaq Kitabxanasının açılış mərasimi
Sentyabrın 21-də Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının yeni ünvana köçürülməsi ilə əlaqədar açılış mərasimi keçiriləcəkdir.
Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək müasir tələblərə cavab verən yeni kitabxana binasını kiçik yaşlı oxucuların istifadəsinə təqdim edəcəkdir. Tədbirdə ziyalılar, uşaq yazarları, ictimaiyyət və KİV nümayəndələri iştirak edəcəklər.
F.Köçərli adına Respublika Uşaq Kitabxanası 1965-ci il 1 yanvar tarixində Mədəniyyət Nazirliyinin qərarı ilə yaradılmışdır.
Kitabxananın 250 minə yaxın kitab fondu, 19 min 519 nəfər oxucusu var. Kitabxanada 8 şöbə, 4 bölmə, 2 oxu zalı fəaliyyət göstərir. Kitabxananın 3 filialı isə Bakının müxtəlif rayonlarında fəaliyyət göstərir.
F.Köçərli adına Respublika Uşaq Kitabxanası respublika əhəmiyyətli kitabxana kimi Mədəniyyət və Turizm Nazirliyinin sisteminə daxil olan uşaq kitabxanalarına metodik mərkəz funksiyasını həyata keçirir. Kitabxana respublikanın mədəni həyatında fəal iştirak edir, Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə hər il keçirilən ənənəvi kitab bayramlarının təşkilatçısıdır. "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"na uyğun olaraq F.Köçərli adına Respublika Uşaq Kitabxanası yeni binaya köçürülmüş, kitabxana müasir səviyyədə təmir edilmiş, inventar və avadanlıqlarla təmin edilmişdir. Kitabxanada nağıl otaqları, incəsənət otağı, böyük və kiçik oxu zalları, elektron resurslar bölməsi, multimedia, internet-resurs mərkəzləri yaradılmışdır.