18 Sentyabr Milli Musiqi Günüdür
Bu gün Azərbaycan Milli Musiqi Günüdür. Ümummilli lider Heydər Əliyevin 18 sentyabr 1995-ci il tarixli Fərmanı ilə hər il ölkəmizdə milli musiqi günü qeyd olunur. Belə bir gündə ümummilli liderin imzaladığı məlum sənəd Azərbaycan professional musiqisinin banisi, dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin doğum gününə təsadüf edir.
Bu da musiqi sənətimizin dahisi tək qəbul olunan sənətkara olan münasibətin nümunəsidir. Üzeyir Hacıbəyli sənəti dünya musiqi sənətinə nadir nümunələr bəxş etmişdir. Onun yaradıcılıq irsinin əsasında dayanan bu əsərlər dünya klassikasının ən mükəmməl əsərləri olaraq qəbul olunur. 18 Sentyabr tarixini də məhz bu gün musiqi ictimaiyyəti böyük sevgi ilə təntənəli şəkildə qeyd edir. Üzeyir dünyası xatırlanır və vərəqlənir. Belə bir irsin yaradıcısı böyük bir sevgi ilə yad olunur. Bu il musiqi günü həm də əlamətdar bir gündə qeyd olunur. Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi ilə əlaqədar Prezident İlham Əliyev 23 fevral 2010-cu il tarixli Sərəncamını imzalamışdır. Sərəncama əsasən, bəstəkarın 125 illiyi ilə əlaqədar 18-28 sentyabr tarixlərində Azərbaycanda Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Festival çərçivəsində dünya şöhrətli dirijor Vladimir Spivakov, İsveçrədən "Amaltet" ansamblı, MDB Ölkələrinin Birləşmiş Gənclər Simfonik Orkestri, Sinqapurdan "T`ANG" simli kvarteti, Türkiyədən "Orfeon" xoru, Kanadadan pianoçu Nina Koqan, skripkaçı Atis Bankas, Rusiyadan Aleksandr Gindin və başqalarının konsertlərinin, müxtəlif tədbirlərin keçirilməsi, Ü.Hacıbəylinin səhnə əsərlərinin nümayişi gözlənilir. Beynəlxalq Musiqi Festivalının yüksək səviyyədə keçirilməsi məqsədilə tədbirlər planı təsdiq olunmuş, Mədəniyyət və Turizm Nazirliyinin müxtəlif strukturları - incəsənət şöbəsi, mədəniyyət siyasəti şöbəsi, elm və təhsil şöbəsi, kinematoqrafiya və nəşriyyat, reklamın təşkili və informasiya şöbəsi 2010-cu il 18-28 sentyabr tarixlərində Beynəlxalq Musiqi Festivalının yüksək bədii-təşkilati səviyyədə keçirilməsinin təmin edilməsi üçün səfərbər olunmuşlar.
Eyni zamanda, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Filarmoniyası, Azərbaycan Dövlət Musiqili Komediya Teatrı, Beynəlxalq Muğam Mərkəzi, Gənc Tamaşaçılar Teatrı, Dövlət Pantomima Teatrı, Dövlət Kukla Teatrı, Ağcabədi rayon Mədəniyyət və Turizm şöbəsi öz işlərini festival tədbirlərinin keçirilməsi istiqamətində quracaq və festivalın yüksək səviyyədə keçməsinə təminat yaradacaqlar.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi sentyabrın 18-də Heydər Əliyev Sarayında Üzeyir Hacıbəylinin 125 illiyi ilə bağlı sərgi hazırlayacaq, Üzeyir Hacıbəylinin ev-muzeyi isə "Üzeyir Hacıbəyli-125" adlı maraqlı tədbir keçirəcək. Bütün bunlarla yanaşı, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi, Azərbaycan Dövlət "Muğam" Teatrı, Azərbaycan Dövlət Mahnı Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, Bakı Xoreoqrafiya Məktəbi, Dövlət Uşaq Filarmoniyasının yaradıcı və texniki qüvvələri Beynəlxalq Musiqi Festivalının yüksək səviyyədə keçirilməsinə cəlb olunacaq.
Belə bir təntənəni yaşadan Üzeyir Hacıbəyli sənət və həyat yolunun məsafəsində bu ömrün yazılmasına səbəb olmuşdur. Kənd mirzəsi ailəsində doğulmuş sənətkarın daim sənətə doğru olan addımları onun dünya şöhrətli bir sənətkar kimi yetişməsinə səbəb olmuşdur. Şuşanın zəngin musiqi-ifaçılıq ənənələri Hacıbəylinin musiqi tərbiyəsinə müstəsna təsir göstərmişdir. Onun ilk müəllimi Azərbaycan musiqisinin gözəl bilicisi, dayısı A.Əliverdibəyov olmuşdur. O,1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil almışdır. Bu bəstəkarın dünyagörüşünün formalaşmasında böyük rol oynamışdır. Hacıbəyli seminariya illərində qabaqcıl dünya mədəniyyəti ilə yaxından tanış olmuşdur. O, burada Avropa musiqi klassiklərinin əsərlərini mənimsəmiş, skripka və baritonda çalmağı öyrənmiş, xalq mahnı nümunələrini nota köçürmüşdür. Seminariyanı bitirdikdən sonra Hacıbəyli 1904-cü ildə Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim təyin edilmişdir.
Hacıbəyli Rusiyada 1905-1907-ci illər inqilabı ərəfəsində Bakıya gəlmiş, Bibiheybətdə, sonralar isə "Səadət" məktəbində dərs demiş, 1907-ci ildə Bakıda Azərbaycan türkcəsində "Hesab məsələləri" və "Mətbuatda istifadə olunan siyasi, hüquqi, iqtisadi və əsgəri sözlərin türki-rusi və rusi-türki lüğəti"ni nəşr etdirmişdir. Hacıbəyli bədii yaradıcılığa publisistika ilə başlamışdır. O, "Kaspi", "Həyat", "İrşad", "Tərəqqi", "Həqiqət", "İqbal", "Yeni İqbal" qəzetlərində və "Molla Nəsrəddin" jurnalında "Ordan-burdan", "O yan-bu yan" və s. başlıqlar altında "Ü", "Filankəs", "Behmankəs" və s. gizli imzalarla dövrün mühüm ictimai-siyasi, maarifçilik məsələlərinə dair çoxlu məqalə, felyeton və satirik miniatürlər dərc etdirmişdir.
Hacıbəylinin 1908-ci il yanvarın 12-də Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsası qoyulmuşdur. Hacıbəyli operanın librettosunu Füzulinin eyniadlı poeması əsasında yazmışdır. Hacıbəyli 1909-1915-ci illərdə bir-birinin ardınca "Şeyx Sənan", "Rüstəm və Söhrab", "Şah Abbas və Xurşud banu", "Əsli və Kərəm", "Harun və Leyla" muğam operaların librettosunu xalq dastanları və rəvayətlər, Firdovsinin "Şahnamə" əsərinin motivləri əsasında yazmışdır. O, "Leyli və Məcnun"dakı üslub xüsusiyyətlərini və estetik sənət prinsiplərini sonrakı operalarında da davam etdirmişdir. Xalq dastanı əsasında bəstələdiyi "Əsli və Kərəm" operasında Hacıbəyli muğamatla bərabər aşıq musiqisindən də istifadə etmişdir. O, Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır. Onun "Ər və arvad", "O olmasın, bu olsun", "Arşın mal alan" musiqili komediyalarında inqilabdan əvvəlki Azərbaycan məişəti, xalq adət və ənənələri əksini tapmışdır. Hacıbəyli 1911-ci ildə musiqi təhsilini artırmaq üçün Moskvaya getmiş, həmin il burada filarmonik cəmiyyətin musiqi kurslarında, 1913-cü ildə isə Peterburq Konservatoriyasında oxumuşdur. Peterburq dövrü Hacıbəylinin yaradıcılığında mühüm rol oynamış, o, "Arşın mal alan" musiqili komediyasını məhz burada yaratmışdır. Hacıbəyli 1921-ci ildə Bakıda azərbaycanlı tələbələr üçün ilk musiqi məktəbini-Azərbaycan Dövlət Türk Musiqi Məktəbini təşkil etmişdir.
1926-cı ildən Azərbaycan Dövlət Konservatoriyasında fəaliyyət göstərən Hacıbəyli burada nəzəriyyə, harmoniya, Azərbaycan musiqisinin əsasları fənlərindən dərs demiş, konservatoriya yanında ilk çoxsəsli Azərbaycan xor kollektivi yaratmışdır. 1937-ci il aprelin 30-da Azərbaycan Opera və Balet Teatrında ilk dəfə tamaşaya qoyulan "Koroğlu" operası Hacıbəyli yaradıcılığının zirvəsini təşkil edir. Azərbaycan opera sənətinin incilərindən sayılan bu operada Üzeyir bəy ilk dəfə olaraq klassik opera formasına riayət edərək bitkin ariyalar, kütləvi xor səhnələri, müxtəlif ansambllar, balet nömrələri, reçitativlər yaratmışdır. O, "Koroğlu" operasında simfonik orkestrin tərkibinə Azərbaycan xalq musiqi alətlərini daxil edərək, orkestrin rəngarəng səslənməsinə nail olmuşdur.
Üzeyir bəy Azərbaycan musiqisində köklü dönüş yaratmış dahi bəstəkardır. O, 19-cu əsrin əvvəllərinədək şifahi xalq musiqi sənəti şəklində mövcud olan Azərbaycan milli musiqisini Qərbi Avropa bəstəkarlıq məktəblərinin nailiyyətləri, forma və janrları ilə zənginləşdirmiş, Azərbaycan və ümumiyyətlə, Şərq musiqisinin gələcək inkişaf perspektivlərini, estetik prinsiplərini müəyyənləşdirmişdir.
Hacıbəyli həm də böyük musiqişünas alim idi. O, müasir Azərbaycan elmi musiqişünaslığının əsasını qoymuş, musiqiyə dair çoxlu məqalələr yazmış, tədqiqatlar aparmışdır. Hacıbəylinin "Arşın mal alan" musiqili komediyası ingilis, alman, çin, ərəb, fars, polyak, ukrayna, belorus, gürcü və s. dillərə tərcümə edilmişdir. YUNESKO-nun görkəmli şəxsiyyətlərin ildönümü və 1985-ci ilin mühüm hadisələri təqviminə əsasən Hacıbəylinin yubileyi beynəlxalq miqyasda da qeyd edilmişdir.