PDF Oxu

Mədəniyyət

  • 13

"Azərbaycan mənim gözlərimlə"

"Azərbaycan mənim gözlərimlə"
Yenicə başlanmış bu dərs ilinin əvvəlində Litva Respublikasının bütün ümumtəhsil məktəblərində "Azərbaycan mənim gözlərimlə" adı altında müsabiqə elan olunub. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, müsabiqə 2010-cu ilin sentyabr-oktyabr aylarında keçirilir və bu tədbirdə Litvanın ümumtəhsil məktəblərinin 7-12-ci siniflərdə oxuyan şagirdlər iştirak edirlər.
Litvada 1442 ümumtəhsil müəssisəsi fəaliyyət göstərir və təhsil əsasən Litva dilində aparılır. Amma, bununla yanaşı, burada dövlət və yaxud bələdiyyə büdcəsindən maliyyələşdirilən polyak, rus, belarus, alman və idiş dillərində orta məktəblər də var. Odur ki, sözügedən müsabiqə bu məktəblərin şagirdlərinə də aiddir. 1990-cı il martın 11-də Litvanın dövlət müstəqilliyinin bərpasından sonra, ilk dəfədir ki, bu istiqamətdə və bütün ölkə miqyasında beynəlxalq maarifləndirmə layihəsi həyata keçirilir. Müsabiqəni Litva Azərbaycanlıları Cəmiyyəti Litva Respublikasının Təhsil və Elm Nazirliyi, Litva Milli İcmalar Evi və Litva gənclərinin turizm mərkəzi ilə birgə təşkil edib. Layihənin maliyyə dəstəyini isə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi verib.
Litva Respublikasının təhsil və elm naziri Gintaras Steponaviçyus sözügedən müsabiqənin təşkil edilməsi barədə cəmiyyətin təşəbbüsü ilə bu ilin iyul ayında xüsusi sərəncam imzalayıb, müsabiqənin əsasnaməsini və bu tədbirlə əlaqədar digər sənədləri təsdiq edib. Həmin sənədlər, həmçinin, müsabiqə ilə bağlı cəmiyyətin hazırladığı plakat, dəvətnamələr və digər materiallar avqust ayının axırında Litvanın Təhsil və Elm Nazirliyinin xəttilə ölkənin bütün ümumtəhsil məktəblərinə çatdırılıb. Əsasnamə müsabiqənin məqsədlərini təyin edir, onun təşkil edilməsi, müsabiqəyə təqdim olunmuş işlərin dəyərləndirilməsi və qaliblərin mükafatlandırılması qaydalarını reqlamentləşdirir. Sənəddə, həmçinin, göstərilir ki, müsabiqə Litva-Azərbaycan mədəniyyətlərarası bilgilərinin genişləndirilməsinə həsr edilir və onu keçirməkdə məqsəd şagirdlərdə Azərbaycanın qədim keçmişinə, dövlətçilik tarixinə, mədəni irsinə, coğrafiyasına, təbiətinə maraq oyatmaq, informasiya texnologiyalarından istifadə yolu ilə şagirdlərə Azərbaycanla bağlı fikir və düşüncələrini ifadə etmək üçün imkan yaratmaqdır. Müsabiqəyə təqdim olunacaq işləri şagirdlər müstəqil surətdə, ya da müəllimin rəhbərliyi altında və müasir informasiya texnologiyalarından istifadə etməklə Power Point kompyuter proqramı əsasında hazırlayırlar. Bir müsabiqə işi 10-15 ədəd diapozitivdən ibarət olmalıdır və həmin diapozitivlərdə Azərbaycan Respublikası təqdim olunmalıdır. Bir işi 3 nəfərə qədər müəllif yarada bilər. Bu məqsədlə Litva Azərbaycanlıları Cəmiyyətinin tövsiyəsilə litvalı şagirdlərə bu mövzular təklif olunub: Azərbaycanın qədim və müasir tarixi, dövlətçilik ənənələri və dövlət rəmzləri, Azərbaycan dili və coğrafiyası, təbiəti və təbii sərvətləri, adət və ənənələri, xalq rəqsləri, milli geyimləri və yeməkləri (eləcə də, milli-etnik mədəniyyətin digər sahələri), ədəbiyyatı, musiqisi, incəsənəti, memarlığı, kinosu, idmanı, dünya sivilizasiyası xəzinəsinə töhfələr vermiş görkəmli xadimləri, Litva ilə əlaqələri və s. Şagirdlərin daha fəal surətdə müsabiqəyə qatılmalarını təmin etmək üçün təşkilatçılar müxtəlif həvəsləndirici tədbirlər və bədii proqramlar nəzərdə tutub. Bu tədbirlər çərçivəsində Litva paytaxtının mərkəzi zallarından birində bu ilin noyabr ayında ölkənin tanınmış elm, mədəniyyət, ictimaiyyət, incəsənət, siyasət xadimləri və təhsil müəssisələri təmsilçilərinin iştirakı ilə yekun toplantı keçiriləcək. Müsabiqənin qalibləri həmin tədbirdə iştirak etmək üçün Vilnüsə dəvət olunacaq, burada diplomlar və dəyərli hədiyyələrlə mükafatlandırılacaqlar.

Digər xəbərlər