Gəncənin 2504 illiyinə hazırlıqlar başlayıb
Gəncənin 2504 illiyi ilə əlaqədar şəhərdə geniş hazırlıq işlərinə başlanılıb. Məlumata görə, sentyabrın 22-23-nə planlaşdırılmış ikigünlük bayram şənliklərinə əhalini küçə və meydanlarda xüsusi carçılar səsləyəcəklər. Onları süvarilər və faytonlar müşayiət edəcək. Yubiley tədbirlərinin proqramı çox zəngindir. Belə ki, dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsi önündə Gəncə Dövlət Dram Teatrı aktyorlarının ifasında şair Məmməd Alimin əsəri əsasında hazırlanmış "Gül və zəhər" tamaşası nümayiş olunacaq, sonra Milli Ordunun əsgərləri və idmançılar Şah İsmayıl Xətai prospekti boyunca yürüş edəcək. Tədbir Gəncə darvazalarının yanında davam etdiriləcək. Burada aktyorların ifasında müxtəlif tamaşalar göstəriləcək. Proqramda görkəmli Azərbaycan yazıçısı Mir Cəlal Paşayevin Muzeyində Gəncə Dövlət Kamera Orkestrinin çıxışı da nəzərdə tutulub. Bayram tədbiri Gəncənin Mərkəzi Meydanında keçiriləcək böyük el şənliyi və konsert proqramı ilə başa çatacaq.