PDF Oxu

Mədəniyyət

  • 18

Çağdaş estrada musiqisinin ifaçısı

Çağdaş estrada musiqisinin ifaçısı
Azərbaycan musiqi sənətinin tanınmış isimləri, səs sahibləri onlarda olan fərdilik, məxsusiliklə bu aləmdə iz salır, səs-səda doğurur. Müxtəlif zövq əhli olan insanların sevimlisinə çevrilir. Təbii ki, hər bir dinləyici zövqünün fərqliliyinin nəticəsi olaraq belə insanlara maraq da müxtəlif baxışlardan mövcud olur. Tale qisməti və insan idrakının dərki, qətiyyəti hər bir sənətkarın yaradıcılıq yolunda bir meyara çevrilir. Qonağımız olan müğənni Vasif Məhərrəmli kimi.
Çağdaş estrada musiqisinin tanınan, sevilən istedadlı ifaçıları sırasında çəkisi, yeri olan Vasif Məhərrəmlinin yaradıcılıq dünyasının orijinal məqamları, üslubu, məxsusi çalarları tamaşaçının onun sənət dünyasına yol açmasına səbəb olan amilləridir. Musiqiçinin fərdi görüşləri, onun musiqi aləmində istedad və zəhmətini ortaya qoyaraq inadkarcasına çalışması estrada musiqi sənətində öz yerini, ismini həkk etməsinə sövq etmişdir.
- Sizinlə on bir ayın sultanı kimi qiymətləndirilən müqəddəs Ramazan ayının son günündə görüşürük. Elə söhbətimizə də bu istiqamətdə başlamaq maraqlı olardı. Ramazan təmizlik, saflıq, bolluq-bərəkət ayı kimi izah olunur. Bir müsəlman kimi, bu ayı necə yola salırsınız?
- Mən bütün varlığımla, mənəviyyatımla Tanrıya bağlı insanam. Əbəs yerə Allah buyurmayıb ki, bütün əməlləriniz özünüz üçündür, yalnız bir orucunuzu mənim rizama tutun. Oruc insanın mənəviyyatının təmizlənməsi ilə yanaşı, onun sağlamlığına da müsbət təsirini göstərir. Oruc tutmaq Allah tərəfindən buyurulur. Allah Quranda orucu mənim üçün tutun desə də, bu, Onun bəşər övladına bəxş etdiyi daha bir töhfəsidir. Mənim fikrimcə, Tanrı şah əsərinin(insanın) daha sağlam və gümrah olması üçün bunu tövsiyə edir. Oruca məntiqlə yanaşsaq, məhz kökündə bu həqiqətin dayandığını görərik. Pak və sağlam olan insanlarda bu dəyərlər daha da artır və güclənir. Bu və digər dəyərləri, ən əsası isə, Tanrı qarşısında bir borc kimi ödənilən oruca mən də müəsəlmanlar kimi əməl edir, oruc tuturam.
- Sizin tanınmağınıza səbəb və yarıdıcılığınızın mərhələsi kimi "Bakılı qız" mahnısını hesab etmək olarmı?
- Mən deməzdim ki, bu mahnını yaradıcılığımın başlanğıc mərhələsi kimi qiymətləndirirəm. Çünki mən Azərbaycan Dövlət Konservatoriyasını (indiki Bakı Musiqi Akademiyası) bitirmişəm. Ötən əsrin 90-cı illərindən Azərbaycan musiqi sənətinin ifaçılarındanam. "Bakılı qız" mənim yaradıcılığımın vizit kartıdır. "Bakılı qız" gözəl mahnıdır, deyilənə görə yaxşı ifa etmişəm. Mənim fikrimcə, bu mahnılar müəyyən zamana, vaxta bağlı musiqi töhfəsidir. Zaman ötdükcə, sıradan olan mahnılardan birinə çevrilir. Mahnının musiqisində qeyri-standartlıq var, o illərdə bəstəkarlar da mahnıya məhz bu cür yanaşırdılar. Qeyri-standartlıq həmişə novatorluqdur. Bu musiqini janr baxımından Tofiq Quliyevin və Rauf Hacıyevin bəstələrinin davamı kimi qiymətləndirirəm. Bu baxımdandan, "Bakılı qız" tarixdə qalacaq mahnılar sırasındadır. Müasir həyatımızda ifa olunan mahnılar yaddaşlardan tez bir zamanda silinir. Mən sənət təhsilimi bir çox Azərbaycan vokal sənətinin görkəmli nümayəndələrindən almışam. İlk müəllimim xalq artisti Lütfiyar İmanov olub. Onun Türkiyəyə getməsi ilə əlaqədar olaraq Kamal Kərimovun sinfində təhsilim davam etdirmişəm. Daha sonra konservatoriyanın pedaqoqu olan Firudin Mehdiyevdən dərs almışam. Ali təhsilə qədər özəl müəllimim Anatoli Qusev olub. Hər bir müəllimin özünəməxsus tədris metodu, şagirdini sənətə yönəltmə manevri var. Amma mən deyərdim ki, bu pedaqoqlar sırasında məni sənətə lazımi səviyyədə yönəldən Firudin Mehdiyevdir. Mən təhsil aldığım illərdə, bildiyiniz kimi, Azərbaycanda opera sənəti aşağı səviyyədə idi, diqqətdən kənarda qalmışdır. Bu gün isə artıq bu janra və sənətə münasibət tamamilə fərqlidir. Xaricdən belə dünya klassikasının nadir nümunələri olan operaları ifa etmək üçün tenor, bariton səsə malik ifaçılar dəvət olunurlar. Bu gün sevindirici haldır ki, Azərbaycan opera səhnəsində C.Verdinin "Trubadur"u, "Riqoletto"su oynanılır. Klassik musiqini sevən və izləyən bir insan kimi bu nailiyyətlər məni sevindirir.
- Bu gün opera səhnəsində bir ifaçı kimi özünüzü görmək istərdinizmi?
- Bilirsiniz düşünürəm, bu gün artıq gecdir. Sırf opera sənəti ilə məşğul olmaq üçün gərək bütün işlərini kənara qoyasan. Düzdür, bütün janrlar məsuliyyət və vaxt tələb edir. Amma opera janrı tamamilə ciddi və vaxt tələb edən bir sənət növüdür. Xüsusilə də, hər hansı bir operada yaradacağın qəhrəman obrazını canlandırmaq üçün onun bütövlükdə psixoloji məqamlarını özününküləşdirmək, hər bir qəhrəmanına məxsus çalarları əxz etmək vacibdir. Musiqi partiyası ilə yaşamaq üçün səhnədə ən azı bir il rol üzərində işləməli, səmimi, inandırıcı bir şəkildə səhnədə görünməlisən. Əks halda, tamaşaçı səni qəbul etməz və sevərək təqdim etməyə çalışdığın qəhrəmanına qarşı soyuqluğun sezilər. Opera yüksək ifaçılıq qabiliyyəti, sevgi, məhəbbət, zəhmət və ən əsası isə səs tələb edən bir məkan olduğundan, bütün enerjini məhz o sahəyə ayırmağı bacarmalı və bu işə hazır olmalısan. Hətta sağlamlığına belə tələb olunan çərçivədə riayət etməyi bacarmalısan. Bu və digər halları cəm etdikdən sonra, bəlkə də nəyəsə nail olarsan. Amma bu çətinliklərə baxmayaraq, istərdim ki, opera səhnəsində olum. Bu fikirlərim klassik estrada ifaçısı kimi, sənət taleyimə əsla kölgə salmamalıdır. Amma konservatoriyada təhsil aldığım illərdə operalarda bizə rollar həvalə olunurdu. Üzeyir Hacıbəylinin "Arşın mal alan" operasından Əsgərin ariyasını ifa etmişəm və bu rolu oynamışam.
- Opera səhnəsində hansı tamaşada rol almağınızı arzulayardınız?
- Mən ilk olaraq "Arşın mal alan"da Əsgər obrazından başlayardım. Bu partiyanı çox sevirəm. Düzü, bu rolu mənə sevdirən xalq artisti Rəşid Behbudov olub. Hansısa şans yaranarsa, istəklərim gerçəkləşərsə, mən böyük məmnuniyyətlə opera səhnəsinə gəlib klassik əsərdə rol alardım.
- Müsahibələrinizin birində deyirsiniz ki, mən tələb olunan müğənilərdənəm. Bu fikri necə xarakterizə edərdiniz?
- Bəli, bu ifadəni işlətmişəm. Müasir dövrümüzdə böyük bir müğənnilər ordusu içərisində mənə ehtiyac duyulursa, demək, mən tələb olunan müğənnilər sırasındayam.
- Səhnə üçün qocalıq dövrünü nəzərə almasaq, yaş həddi önəmlidir?
- Gənclik dövründən başlayaraq müəyyən həddə qədər olan dövr səhnə üçün yararlıdır. 20-45 yaş arasında olan dövrdə tamaşaçı səni gənc kimi qəbul edir. Hər zaman zəngin repertuarla tamaşaçı qarşısında çıxış etmək səni onların gözündə gənc olaraq yaşamağına səbəb olur. Etiraf edim ki, bu gün mən 25 yaşında gənc olmaq istəməzdim. Belə ki, Azərbaycan səhnəsində 35 yaşında müğənniyə tələbat çoxdur, nəinki 25 yaşlı gəncə. Artıq yaş müəyyən təcrübədir, təmkindir, zənginlikdir. Bu meyarlar da tamaşaçı tərəfindən diqqətdədir.
- Musiqinizdə olan təmkinlilik daxilinizdən gələn bir hissin təzahürüdür, yoxsa bu, hansısa bir nizamlanmanın nəticəsindədir?
- Musiqimdəki o təmkin ifa edəcəyim musiqiyə saatlarla qulaq asmağımdan irəli gələn amildir. Musiqimdə olan təmkin həyat tərzimdə yoxdur. Musiqimdəki sakitlik, təmkin həyat tərzimdə, olsaydı özümü xoşbəxt sanardım.
- Şou-biznesdəki qalmaqallar yaradıcılığınıza təsir göstərirmi?
- Nə yazıq ki, bu qalmaqallar məndən yan ötmür. Bu, danılmaz bir faktdır, amma istəməzdim ki, bu qalmaqallarda mənim ismim də hallansın. Mən hər zaman bir ifaçı kimi mahnılarımla yadda qalmağa üstünlük verirəm. Hərdən şərəf və ləyaqətə toxunan ifadələrə də rast olunur və çalışıram ki, bu və digər hallar mənim ünvanımı tanımasın. Yalan, qeyri-səmimi görüşləri, münasibəti qəbul etmirəm. Mənim həyat prinsipim bütün məkrlərdən, qeyri-səmimi insanlar qarşı barışmazlıqlardan ibarətdir. Şou aləmində barmaqla sayılan müğənnilər var ki, xalq tərəifindən seçilir və diqqətdədir. Hər kəsin bir məktəbi olmalıdır, günün nəbzini tutmaq bacarığı olmalıdır. Mədəniyyəti, özünü aparmaq qabiliyyəti olan şəxs xalqın məhəbbətinə səbəb olur.
- Bildiyimə görə yeni bir musiqili tele-layihə üzərində çalışırsınız. Həmin layihənin aqibəti necə oldu?
- Səmimi deyim ki, bu gün də belə bir layihəni gerçəkləşdirmək nəzərimdədir. Məqam yetişən kimi həyata keçirəcəyəm.
- Sizin üçün səs nədir?
- Bir neçə il bundan əvvəl yaşadığım durum zamanı mən seçim etməyə qərar verməli idim. Səsimi seçmək qərarına gəldim. Sanki Tanrı ilə ruhi təmasda oldum və gördüm ki, hər iki əlim səsə doğru gedir. Hər şeydən keçməyə hazır oldum, ancaq səsimi heç nə ilə dəyişmədim. Onda qərar verdim ki, səs mənim üçün əvəzsizdir, mən musiqisiz yaşaya bilmirəm.
- "Dünya qəmli nağıl imiş" deyən Vasif Məhərrəmlinin həyatı hansı notlar üstündə köklənib?
- Bu mahnı Vasif, Ceyhun və Cavidin müştərək bir işi olaraq təqdim olunur. Xarakter, həyata baxış tərzi, Azərbaycanı sevmək, torpağa bağlılıq, valideynlərinə münasibət və sevgi bu kök üstündə cəmlənib. İnsan həyatda özünü kökləməyi bacarsa, hər şey asan olardı və arzu olunan əlçatmazlıq qalmazdı. Bizi kökləyən bir əlçatmazlıq var və hər birimiz onun havasına köklənirik. Həyatda hər zaman nikbin ovqatda olmağa çalışıram. Tanrının nəzəri üzərimizdə olsun və kədərini də, sevincini də bizlərə yaşatsın. Təki nəzəri üzərimizdən əskik olmasın və istənilən ovqatı yaşamağa hazırıq. Vay o gündən ki, Tanrı tərəfindən insan kimi unudulasan.
- Bir estrada müğənnisi olaraq dünya ölkələrində Azərbaycana diqqəti musiqinin təbliği ilə yönəldərdiniz?
- Mən pafoslu, yuxarıdan danışmağı heç zaman sevməmişəm. Azərbaycan musiqi sənəti və onun təbliği ilə bağlı böyük sənətkarlarımızın maraqlı fikirləri var. Amma bir musiqiçi olaraq deyərdim ki, Azərbaycanın dünya arenasında təbliği sayəsində mədəniyyəti əsas silahıdır. Bu baxımdan muğam sənəti Azərbaycan milli-mənəvi dəyərlərini özündə birləşdirən bir musiqi janrıdır. Müasir həyatımızda Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın musiqi mədəniyyətinin tarixi ilə bağlı layihələri sırasında muğam sənətinə geniş yer verilməsi Azərbaycan muğamının dünya miqyasında təbliğinə imkan yaratdı. Dövlətin, xüsusilə də, fondun prezidentinin dəstəyi və diqqəti sayəsində muğam sənəti yüksəliş dövrünü yaşayır. Azərbaycan musiqisi dünyanın bir nömrəli musiqisidir. Qeyri-xalqların ifaçıları Azərbaycan musiqisini bizim kimi səsləndirməyə qadir deyil. Bizlər qeyri-xalqların musiqisini münasib tərzdə təqdim edirik.
Azərbaycan musiqi sənətinə diqqət dövlət səviyyəsindədir. Əsası Heydər Əliyev tərəfindən qoyulan bu ənənə bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə uzun illər muğam sənətinə xidmət edən insanların həyatında bir dirçəliş oldu. Prezident mükafatının, təqaüdünün verilməsi, bu sahənin ifaçılarının maddi-mənəvi həyatında canlanma yaratdı.

Digər xəbərlər