"Şəhidim" adlı musiqi kompozisiyası hazırlanıb
Millət vəkili Qənirə Paşayeva və əməkdar artist Tünzalə Ağayeva Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova və onun simasında torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizə, qəhrəmanlarımıza ithaf olunmuş "Şəhidim" adlı musiqi kompozisiyası hazırlayıblar.
Sözləri millət vəkili Qənirə Paşayevaya, bəstəsi Tünzalə Ağayevaya aid olan musiqi kompozisiyasını Tünzalə Ağayeva və Türkiyə sənətçisi, eyni zamanda, TRT AVAZ kanalının aparıcısı Cüneyt Cakova ifa edirlər. Musiqi kompozisiyası Mübariz İbrahimovun ailəsinə yazdığı vida məktubu üzərində qurulub. Artıq millət vəkili Qənirə Paşayevanın dəstəyi ilə musiqi kompozisiyasının klipi də hazırlanıb və sentyabrın 2-dən etibarən radio və televiziya ekranlarında nümayiş olunmağa başlayıb. Musiqi kompozisiyasının və klipin Türkiyənin bəzi radio və televiziya kanallarında nümayiş etdirilməsi də nəzərdə tutulur. Musiqi kompozisiyası Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunmuş "Müqəddəs zirvə" adlı film üçün hazırlanıb.