Üzeyir Hacıbəylinin 125 illiyi qeyd olunacaq
Dahi bəstəkar, müasir Azərbaycan musiqi sənətinin banisi, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2010-cu il tarixli Sərəncamına əsasən 2010-cu il 18-28 sentyabr tarixlərində Azərbaycanda Beynəlxalq Musiqi Festivalının keçirilməsi nəzərdə tutulur. Festival çərçivəsində dünya şöhrətli dirijor Vladimir Spivakov, İsveçrədən "Amaltea" ansamblı, MDB Ölkələrinin Birləşmiş Gənclər Simfonik Orkestri, Sinqapurdan "T`ANG" simli kvarteti, Türkiyədən "Orfeon" xoru, Kanadadan pianoçu Nina Koqan, skripkaçı Atis Bankas, Rusiyadan Aleksandr Gindin və başqalarının konsertlərinin, müxtəlif tədbirlərin keçirilməsi, Üzeyr Hacıbəylinin səhnə əsərlərinin nümayişi gözlənilir. Beynəlxalq Musiqi Festivalının yüksək səviyyədə keçirilməsi məqsədilə tədbirlər planı təsdiq olunmuş, Mədəniyyət və Turizm Nazirliyinin müxtəlif strukturları, incəsənət şöbəsi, mədəniyyət siyasəti şöbəsi, elm və təhsil şöbəsi, kinematoqrafiya və nəşriyyat, reklamın təşkili və informasiya şöbəsi 2010-cu il 18-28 sentyabr tarixlərində beynəlxalq musiqi festivalının yüksək bədii-təşkilatı səviyyədə keçirilməsinin təmin edilməsi üçün səfərbər olunmuşlar.
Eyni zamanda, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Filarmoniyası, Azərbaycan Dövlət Musiqili Komediya Teatrı, Beynəlxalq Muğam Mərkəzi, Gənc Tamaşaçılar Teatrı, Dövlət Pantomima Teatrı, Dövlət Kukla Teatrı, Ağcabədi rayon Mədəniyyət və Turizm şöbəsi öz işlərini festival tədbirlərinin keçirilməsi istiqamətində quracaq və festivalın yüksək səviyyədə keçməsinə təminat yaradacaqlar.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi sentyabrın 18-də Heydər Əliyev Sarayında Üzeyir Hacıbəylinin 125 illiyi ilə bağlı sərgi hazırlayacaq, Üzeyir Hacıbəylinin ev-muzeyi isə "Üzeyir Hacıbəyli-125" adlı maraqlı tədbir keçirəcək. Bütün bunlara yanaşı, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi, Azərbaycan Dövlət "Muğam" Teatrı, Azərbaycan Dövlət Mahnı Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, Bakı Xoreoqrafiya Məktəbi, Dövlət Uşaq Filarmoniyasının yaradıcı və texniki qüvvələri Beynəlxalq Musiqi Festivalının yüksək səviyyədə keçirilməsinə cəlb olunacaq.
Ümid edirik ki, dahi bəstəkarımızın 125 illik yubiley tədbirləri respublikanın kütləvi informasiya vasitələri, radio və televiziya kanalları tərəfindən fəal izlənərək geniş işıqlandırılacaq, onlar üçün yeni yaradıcılıq mənbəyi olaraq mətbuata və ekranlara yeni araşdırma mövzuları və obyektləri gətirəcək.
Nazirlik tərəfindən tərtib olunmuş proqrama əsasən, sentyabrın 18-də Heydər Əliyev Sarayında beynəlxalq musiq festivalının açılışı olacaq. Daha sonra A.Şaiq adına Dövlət Kukla Teatrı bəstəkarın "O olmasın, bu olsun" musiqili komediyasını, Azərbaycan Dövlət Musiqili Komediya Teatrı "Arşın mal alan" musiqili komediyasını, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı "Koroğlu" operasını və s. təqdim edəcəklər.