"Bakı gecələri - 2010" Estrada Mahnı Festivalı keçiriləcək
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi və Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə "Bakı gecələri - 2010" Estrada Mahnı Festivalı keçiriləcək.
Festivalın keçirilməsində məqsəd mahnı müəlliflərinin yaradıcılıq fəaliyyətini inkişaf etdirmək, estrada ifaçılarını dəstəkləmək, Azərbaycanı beynəlxalq müsabiqələrdə layiqincə təmsil edəcək estrada ifaçılarını yetişdirmək və estrada mahnı janrını inkişaf etdirməkdir. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin məlumatına əsasən, üç möhtəşəm konsert proqramından ibarət olan "Bakı gecələri - 2010" Estrada Mahnı Festivalının birinci konsert proqramı sentyabrın 13-də, saat 16.00-da Azərbaycan Dövlət Musiqili Komediya Teatrında keçiriləcək. Festivalda Mətanət İsgəndərli, Nadir Qafarzadə, Zamiq Hüseynov, Nüşabə Ələsgərli, İzzət Bağırov, Lalə Məmmədova, Elton Hüseynəliyev, Almas Ələsgərli, Könül Kərimova, Vasif Məhərrəmli, Elza Seyidcahan, Ramal İsrafilov, Vaqif Şıxəliyev, Leyla Ramazanlı, Elariz Məmmədoğlu, Sevinc Tofiq qızı, Yeganə, Səbinə Əliyeva, "Şeron" qrupu və "M-life" qrupu iştirak edəcəklər.
İlkin mərhələdə təqdim olunan mahnılar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və yüksək bal toplamış əsərlər 24 dekabr 2010-cu il tarixində Heydər Əliyev Sarayında keçiriləcək Qala konsertinin finalına vəsiqə qazanacaqlar. Finalda səslənən mahnılar müxtəlif nominasiyalar üzrə mükafatlar uğrunda mübarizə aparacaqlar. Qala-konsertdə iştirak edən müğənnilər "Bakı gecələri" Estrada Mahnı Festivalının laureatı adına layiq görüləcəklər.