“408 sədərəkli vətən uğrunda”
Vətənin bütövlüyü, onun sərhədlərinin qorunması üçün milli qeyrət hissini həyat amalına çevirən insanlar məhz Azərbaycanın gələcəyi, onun ərazi bütövlüyü uğrunda canlarını fəda etmişlər. Tarixin reallıqları, yaşanılan həqiqətlər, məhz Azərbaycan torpağının belə fədakar övladlarının olduğunu sübuta yetirən amilləri diqqətdə saxlayır. Sözsüz ki, belə insanlar xalqın qan yaddaşının bir hissəsinə çevrilərək, zaman-zaman xatırlanır, onlar haqqında dəyərli məlumatları dərc etdirirlər.
Elə bu yaxınlarda yazıçı-publisist Hacı Tofiq Seyidzadənin, Əhməd Türk Sədərəkli ilə birgə qələm məhsulu olan "408 sədərəkli vətən uğrunda" adlı kitabı məhz adından görüdüyü kimi, belə insanların həyat və döyüş yolundan bəhs edən nümunədir. Qeyd edim ki, Hacı Tofiq Seyidov bu günə qədər "Şəhidlər Sədərək məktəbinin məzunlarıdır", "Sədərək alimləri və şam ömrü", "Sədərəyin sərhədi kömür basdırılan yerdən başlanır" kimi kitabların davamı olaraq bu əsəri yazmışdır.
38 kitabın müəllifi kimi tanınan müəllif publistik və ədəbi-bədii yaradıcılığının fəaliyyətinin nəticəsi olaraq mükafat və fəxri adların daşıyıcısıdır.
"408 sədərəkli vətən uğrunda" kitabına müəllifin araşdırmaları və axtarışları əsasında Böyük Vətən müharibəsinin iştirakçısı, döyüşçüsü olmuş insanların fəaliyyətini əks etdirən avtobioqrafik məlumatlar daxil edilmişdir. Müharibənin ağır günlərində döyüşçü kimi cəbhədə qəhrəmanlıq və şücaət göstərən sədərəklilərin də bu müharibənin qələbə ilə başa çatmasında rolu kifayət qədərdir. Kitabın ərsəyə gəlməsində axtarışlar aparan müəllif təkcə Azərbaycanda deyil, xarici ölkələrdə yüzədək şəhərə müraciət etmiş, aldığı sənədlər əsasında kitabın təqdimatını zəruri hesab etmişdir. Müəllif qeyd edir ki, 4 il döyüş yolunda qəhrəmanlıqla vuruşan sədərəklilərin bu zamanı 4 əsrə bərabərdir: "Sədərəklilər üçün arvadlar kişi əvəzinə uşaq böyüdüb, əkin əkib, taxıl əkib-becərib , aclıq çəkib, qəmlənib, nişanlı qızlar qarıyıb, saç ağardıblar. Bunlar hamısı axı insan ömrüdür. Bəs bu yerdə onlar öz əksini tapmalıdırlar, ya yox? Ona görə də mən kitabda yuxarıdakı iztirabları keçirə-keçirə hər bir Sədərək oğlunun, hər nəyi şəxsi işində olubsa, ya da bir sənədi evində olubsa, qələmə alım, onu üzə çıxarım". Məhz belə bir məqsəd ilə kitab yazmağa hökm verən publisist Böyük Vətən müharibəsində iştirakçı olmuş sədərəklilərin keçdiyi yola nəzər salır. Məlum olur ki, məhz sözügedən müharibədə 408 nəfər sədərəkli iştirak etmiş, onlardan 209 nəfəri müharibədən qayıtmamış və bugünədək haqlarında heç bir məlumat yoxdur. 199 sədərəkli oğul müharibədən qayıdıb sağ qalmış döyüşçülərin 67 nəfəri ağır dərəcəli əlil olmuşlar. Bu gün döyüş yolu keçmiş sədərəklilərdən 5 nəfəri sağdır.
Xronoloji və statistik rəqəmləri əsas götürən müəllif məhz bu döyüşçülərlə bağlı həqiqətləri oxucu diqqətinə çatdırır. Rəsmi statistika göstərir ki, Azərbaycan xalqı 1941-1943-cü illərdə müdafiə fonduna 15 kq qızıl, 952 kq gümüş, 310 milyon manat istiqraz və lotoreya almış, tank və təyyarə fonduna 230 milyon vəsait ayırmış, cəbhəyə 1,5 milyon müxtəlif əşya, 125 min vaqon isti paltar göndəriblər. Bütün bunlarla yanaşı, bir sıra qiymətli əşyalar da qız- gəlinlər tərəfindən müharibəyə göndərilmişdir. Bütün bunlarla Azərbaycan xalqının Böyük Vətən müharibəsində necə vətənpərvərlik nümayiş etdirməsi və qələbənin kökündə məhz Azərbaycanın da mövqeyinin olması qeydsiz-şərtsiz öz ifadəsini tapmış olur. Müəllif döyüşçülərin keçdiyi yol, onların vətən yolundakı qəhrəmanlıq salnaməsini işıqlandıran rəqəmləri və faktları nəzərə çapdırarkən, bu insanların xalq, vətən, övlad qarşısındakı borcunu da göstərməyi əsas götürmüş və qısa göstəricilərdə, demək olar ki, o, təfsilata varmışdır. Musayev Təvəkkül Hüseyn oğlu, Şükür Şahverdiyev, Heydərov Vəli, Cəfərov Cəfər və başqalarının keçdiyi şərəfli yolun dəyərli məqamlarından söz açaraq, onların döyüş bölgəsindəki qəhrəmanlıqlarının nəticəsi olaraq verilən mükafat və medalları da oxuculara təqdim etmişdir. Bu döyüşçülərin hər birinin qısa tərcümeyi-halı Böyük Vətən müharibəsinin od-alov püskürən zamanında bir döyüşkən insan obrazının təsviridir. Müharibədən qayıtmayan sədərəklilər bölməsində adları verilən insanların siyahısı da kitaba daxil edilmişdir.
"Xalqımıza qarşı edilən qanlı cinayətlər" başlıqlı yazıda müəllif 1937-ci ildə törədilən faciədən də söz açır. Həmin hadisədən 73 il ötsə də, insanların hələ də o törədilən hadisələrdə əziyyət çəkdiyi göstərilir.
Döyüşən sədərəklilərlə bağlı yazıların hər birində Hacı Tofiq Seyidov axtarışlarının bəhrəsi özünü göstərir və müəllif bir missiyanın daşıyıcısı kimi vətənpərvərlik borcu tək öhdəsinə düşən vəzifəni yerinə yetirmiş olur. Belə ki, 370 arxivi araşdıran müəllif qələm sahibi kimi bu dünyada özündən soraq qoymuş olur. Kitabda qeyd etdiyi kimi, Məhəmməd (s.a.s) peyğəmbərimiz demişdir: "Əsl insan həyatdan köçəndə üç şey qoyub getsə yaxşı olar: bir yaxşı övlad, bir yaxşı kitab və yaxud da el üçün bir körpü tikdirsə".