Ankarada Azərbaycan gecəsi keçiriləcək
Avqustun 28-də Ankarada Azərbaycan gecəsi keçiriləcək. Beynəlxalq Ramazan Festivalı çərçivəsində keçiriləcək tədbirin təşkilatçıları Türkiyə-Azərbaycan Dərnəyi və Keçiören Bələdiyyəsidir. Dərnəkdən Diasporla İş üzrə Dövlət Komitəsinə verilən xəbərə görə, Azərbaycan gecəsində Keçiören Bələdiyyəsinin başçısı Mustafa Ak, Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nümayəndəsi Rəşat Vahabzadə, Türkiyə-Azərbaycan Dərnəyinin sədri Sinan Oğan, DİDK-nin təmsilçisi Elnar Məmmədov çıxış edəcəklər. Gecənin bədii hissəsinə Azərbaycan milli rəqs nümunələri, müğənni Cavid Təbrizlinin konseri daxildir.
Qeyd edək ki, Azərbaycan gecəsinin davamı olaraq avqustun 26-31-də festivalin keçirildiyi məkanda böyük Azərbaycan Guşəsi açılacaq.