"Səsin izi ilə" filminin çəkilişlərinə başlanılıb
Rusiyanın görkəmli kino ustası, soydaşımız Ələkbər Həsənzadə haqqında film çəkilişlərinə başlanılıb. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Rusiyanın "Lennauçfilm" və Azərbaycanın "Salnamə" kinostudiyalarının birgə layihəsi əsasında "Səsin izi ilə" adlı filmin çəkilişlərinə bu ayın əvvəllərindən başlanılıb. Bu məqsədlə filmin çəkiliş qrupu Naxçıvana gəlib. Filmin rejissoru Dmitri Sidorovdur.
Qeyd edək ki, Ələkbər Həsənzadə 1939-cu ildə Naxçıvanda anadan olub. Hazırda Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan Ə.Həsənzadənin "İtaliyalı" adlı son işi Berlin kinofestivalında əsas mükafata layiq görülüb. "Lennauçfilm" kinostudiyasının yüksək dərəcəli səs rejissoru olan Ə.Həsənzadə 2000-ci ildə Rusiyanın "Nika" mükafatını alan ilk azərbaycanlı kino ustasıdır.