"Qarabağ saqası. Pyotrdan Pavelə qədər" kitabı çapdan çıxıb
Moskvadakı "Maroseyka" nəşriyyatında Azərbaycan alimi Emin Məmmədlinin "Qarabağ saqası. Pyotrdan Pavelə qədər" adlı kitabı çapdan çıxmışdır. Bu, Cənubi Qafqazda baş vermiş, lakin qəsdən "unudulan" hadisələrə həsr edilmiş "Qaytarılmış tarix" silsiləsindən olan nəşrlərin birinci cildidir. Kitab Rusiya imperatoru birinci Pyotrun hakimiyyətdə olduğu dövrdən birinci Pavelin çarlığına qədər olan zaman kəsiyini əhatə edir. Kitab həm geniş oxucu kütləsi üçün, həm də Rusiyanın Cənubi Qafqazı öz nüfuz dairəsinə daxil etməyə ilk cəhdləri zamanı yaranmış Qarabağ münaqişəsinin sənədlər bazası ilə tanış olmaq istəyən tarixçi, arxivşünas, politoloq və digər mütəxəssislər üçün nəzərdə tutulmuşdur. 22 fəsildən ibarət olan kitabın "Xəzəryanı Azərbaycan xanlıqları barədə Birinci Pyotrun strateji planları", "Birinci Pyotrun varisləri onun Cənubi Qafqaz siyasətini nə üçün davam etdirə bilmədilər", "Rusiyanın Cənubi Qafqazdakı əyalətlərinin 1728-ci ildə tərtib edilmiş siyahısı", "İran yürüşü tarixşünaslığında erməni koloritinin təzahürü" və bəzi başqa fəsilləri daha böyük maraq doğurur.
Qeyd edək ki, Moskvada yaşayan görkəmli Azərbaycan alimi Emin Məmmədli texnika elmləri namizədi, Rusiya Elmlər Akademiyasının V.A.Trapeznikov adına İdarəetmə Problemləri İnstitutunun əməkdaşıdır. Bu kitab müəllifin ən nadir materialların toplanması və sistemləşdirilməsi üzrə çoxillik əməyinin nəticəsidir.
Bu kitab Ümumrusiya Azərbaycanlılar Konqresinin və bir qrup azərbaycanlı sahibkarın dəstəyi ilə nəşr edilmişdir.