PDF Oxu

Mədəniyyət

  • 19

Dünya elm aləmi Urartunun ermənilərlə heç bir əlaqəsinin olmadığını təsdiq edir

Dünya elm aləmi Urartunun ermənilərlə heç bir əlaqəsinin olmadığını təsdiq edir
Bu yaxınlarda Oğlanqalada tapılan nümunələrin heç birinin Urmiya, Van gölü, Göyçə gölü ətrafındakı abidələrlə əlaqəsi olmadığı elmi araşdırmalar nəticəsində təsdiqini tapıb. Bu nümunələrin tam yerli olması qənaətinə gəlinib. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun sektor rəhbəri, tarix elmləri namizədi, Şərur arxeoloji ekspedisiyasının rəisi Səfər Aşurov Oğlanqalada aşkar edilən nümunələrin Midiya dövlətinə məxsus olması barədə İran mətbuatının yaydığı məlumatlara aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, Naxçıvanın Şərur rayonu ərazisindəki Oğlanqala abidəsində AMEA-nın Naxçıvan bölməsi, Arxeologiya və Etnoqrafiya İnstitutu və ABŞ-ın Pensilvaniya Universitetinin üç il əvvəl başladığı birgə tədqiqat bu il də davam etdirilib. Bu il qazıntılar, əsasən, Oğlanqalanın Narınqala hissəsində aparılıb. Artıq Narınqalanın, demək olar ki, 50% hissəsi açılıb. Burada eramızdan əvvəl 8-ci əsrdən başlayaraq, e.ə 2-1-ci əsrə qədər olan maddi-mədəniyyət abidələri tapılıb. Narınqalada böyük sarayın qalıqları da aşkarlanıb. Builki tədqiqatlar nəticəsində Narınqalanın ətraf divarları tamamilə təmizlənib. Yəni Narınqalanın tam bərpası mümkün olub. Bu il Oğlanqalanın bürcündə də qazıntılar aparılıb. Vaxtilə bu qalada iki yarım dairəvi bürc olub. Bu bürclərin biri dağılıb, digəri isə tam salamat qalıb. Həmin bürc hissədə qazıntılar davam etdirildi. Ən böyük uğur da o olub ki, həmin bürc hissədə qazıntı zamanı e.ə. II minilliyin sonlarına aid maddi-mədəniyyət abidələri tapılıb. Bu abidələr Xocalı-Gədəbəy mədəniyyətinə aiddir. Bu da, bilavasitə, Xocalı-Gədəbəy mədəniyyətinin Naxçıvanla əlaqələrini sübut edir. S.Aşurov onu da qeyd edib ki, əvvəlki illərdə Oğlanqalanın tarixinin e.ə. 8-ci əsrə aid edirdiksə, artıq Xocalı-Gədəbəy mədəniyyətinə aid nümunənin tapılması sübut edir ki, qalada məskunlaşma e.ə. II minilliyin sonlarına aiddir. Bu, Oğlanqalada məskunlaşmanın ilkin mərhələsidir. Amma şəhər kimi formalaşma e.ə. 8-ci əsrdən başlayıb. Erməni saytlarında Oğlanqalanın Urartu abidəsi olması ilə bağlı da yalan məlumatların yayıldığını da vurğulayıb. Qalada Urartu ilə bağlı keramika məmulatları tapılıb ki, onlar da gətirilmədir. Buradan tapılan nümunələrin 99%-i yerlidir, heç bir gətirilmə əlaməti yoxdur. Buna görə də, ilkin olaraq belə qərara gəlinib ki, Oğlanqala Şərur düzündə güclü bir tayfa ittifaqının böyük mərkəzi olub. Bu mərkəz elə güclü olub ki, Urartuya qarşı dura bilib. Yəni urartuluların Naxçıvana keçməsinin qarşısı bilavasitə Oğlanqala vasitəsilə alınıb. Ona görə də Naxçıvan ərazisinə urartulular heç vaxt keçə bilməyiblər. Urartuluların isə, ümumiyyətlə, erməni olması barədə faktlar yoxdur. Bu gün bütün dünya elm aləmi Urartunun ermənilərlə heç bir əlaqəsinin olmadığını təsdiq edir. Oğlanqalanın son dövrünün Atropatena dövləti ilə bağlı olduğunu nəzərə çatdıran S. Aşurov deyib ki, Oğlanqalada Midiya dövrünə aid nümunələr tapılsa da, Manna dövrünə aid nümunələr üstünlük təşkil edir. Ekspedisiya rəisinin sözlərinə görə, institut hər il abidələrin dəqiq tarixlərini müəyyən etmək üçün radio-karbon analizlər aparır. Bu il də Oğlanqalada aşkar edilmiş müəyyən nümunələr analizlər üçün ABŞ-a göndərilib.

Digər xəbərlər