Qədim Musiqi Alətləri Ansamblı qurultayda təmsil olunub
Macarıstanın Buqats bölgəsində Macar-Turan Fondunun təşkilatçılığı ilə türk-hun dünyası təmsilçilərinin bir araya toplanması və Böyük Qurultayın keçirilməsi çərçivəsində Azərbaycan mədəniyyətinin təbliği məqsədilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri Ansamblının 14 nəfərdən ibarət üzvü ilə muzey işi sektorunun aparıcı məsləhətçisi M.Vahabova iştirak etmişdir. Tədbir Macarıstanın Buqats bölgəsində Kişqunşaq milli parkında keçirilmişdir.
Tədbirin təşkilində əsas məqsəd türkdilli ölkələrin bir araya toplanması, tayfa yığıncağının keçirilməsi və onların milli mədəniyyətinin nümayişi olmuşdur. Qurultay sayca üçüncü dəfə keçirilir. İlk dəfə belə bir tədbir 2007-ci ildə Qazaxıstanda, 2008-ci ildə Macarıstanda keçirilmişdir. Budəfəki tədbir iştirakçı dövlətlərin çoxluğu və musiqi nömrələrinin sayı baxımından fərqlənmişdir.
Tədbirdə, həmçinin, YUNESKO-nun Azərbaycan üzrə milli komissiyanın birinci katibi G.Əfəndiyeva iştirak etmişdir. Azərbaycandan başqa Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Uyğurustan, Monqolustan, Başqırdıstan, Tatarıstan, Yakutiya (Saxa) və digər ölkələrdən nümayəndə heyətləri də tədbirdə iştirak etmişlər.
Qurultayın rəsmi hissəsinin keçirildiy ilk gün Azərbaycan Respublikasının Macarıstandakı səfiri Vilayət Quliyev çıxış edib. O, Avropanın mərkəzində türk dünyası təmsilçilərini bir araya gətirən tədbirin xalqların daha da yaxınlaşması baxımından əhəmiyyətini vurğulayıb, təşkilatçılara təşəkkürünü bildirib.
Azərbaycanı təmsil edən Qədim Musiqi Alətləri Ansamblı tamaşaçılar qarşısında geniş konsert proqramı ilə çıxış etmişdir. Ansamblın çıxışları böyük maraqla qarşılanmış və sürəkli alqışlarla müşayiət olunmuşdur. Tədbir və konsert İctimai Kanal tərəfindən lentə alınmış və yaxın vaxtlarda ekranlarda nümayiş olunacaq.
Qurultayda ümumilikdə 170 minədək tamaşaçı iştirak etmişdir.