Teatrın artistləri Münhen opera sənəti festivalından qayıdıblar
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının mətbuat xidmətindən "Səs"ə verilən məlumata görə, teatrın simfonik orkestrinin artistləri Almaniyadan qastrol səfərinidən qayıdıblar. Onlar Avropada ən möhtəşəm musiqi festivallarından olan Münhen opera sənəti festivalında iştirak etmişlər.
Bu il həmin festivalda dünyanın 36 ölkəsindən - Avropa, ABŞ, Latın Amerikası, Yaponiya, Cənubi Koreya, Çin və başqa ölkələrdən dirijor, rejissor və vokal sənəti ulduzları iştirak ediblər.
Festival çərçivəsində bütün konsert və tamaşalar anşlaqla keçib. Festival Almaniya və Avropanın digər ölkələrində KİV və televiziya kompaniyaları vasitəsilə geniş işıqlandırılıb. Bu il Almaniyanın 29 ən iri bank və şirkətləri festivalın sponsorları sırasında olublar. Bu sırada "Sparkasse-Bad Aiblinq", "Haro", "Profol qruppe" və digərlərinin adını çəkmək mümkündür. Festivalın baş sponsoru isə dünyaşöhrətli "Volksvagen" avtomobil şirkəti olub.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri avqustun 8-də festivalın Qrand-Final konsertində iştirak etmək şərəfinə layiq görülmüşdü. Konsertdə dünyaşöhrətli məşhur vokalçılar-Qustava Kazanova (İspaniya), Mariya Joze Rodriges (Meksika), Uvone Fontane (Böyük Britaniya) və başqaları çıxış ediblər. Konsertin proqramına isə Qərbi Avropanın məşhur bəstəkarları J.Bize, C.Puççini, C.Verdi və başqalırının populyar əsərləri daxil edilmişdir. Qala-konserti Münhen opera sənəti festivalının baş dirijoru və bədii rəhbəri Korneliya fon Kerssenbrofk idarə edib. Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərovun dirijorluğu ilə ifa edilən nömrələr arasında isə Azərbaycan bəstəkarlarından Qara Qarayev, Fikrət Əmirov və Polad Bülbüloğlunun musiqisi də var idi.
Qala-konsert günü iki min beş yüz nəfərlik tamaşaçı zalı ağzına kim dolu olub. Tamaşaçılar vokalçıların və simfonik orkestrin çıxışlarını böyük coşqunluqla qarşılayıb və sürəkli alqışlarla müşayiət ediblər. Konsertin sonunda simfonik orkestr Qara Qarayevin "Yeddi gözəl" baletindən vals ifa edərkən, zaldakı bütün tamaşaçılar ayağa qalxaraq, musiqiçilərimizi alqışlayıblar. Zaldan "bravo orkestr", "bravo Azərbaycan" sədaları eşidilib.
Qala-konsertdə iştirak edən "Volksvagen" şirkətinin prezidenti Martin Vinterkorn həyat yoldaşı ilə birlikdə musiqiçilərimizə yaxınlaşaraq, onları təbrik edib: "Biz bugünkü konsertdən böyük zövq aldıq. Orkestr bu gün böyük professional səviyyədə çıxış etdi. Dünyanın ən məşhur bəstəkarlarının mürəkkəb əsərləri orkestrin ifasında məharətlə ifa olundu. Və çıxış edənlər göstərdi ki, Azərbaycan təkcə öz nefti ilə deyil, həm də yüksək akademik sənəti və professionallardan ibarət sinfonik orkestri ilə də fəxr edə bilər. Bugünkü musiqi bayramını mən və həyat yoldaşım hər zaman xatırlayacağıq".
Qeyd edim ki, festivalın gedişini işıqlandıran qəzetlərdən bir çoxu "Münhener Merkur", "Züddoyçe Zaytunq" öz materiallarında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestrinin ifaçılıq səviyyəsi haqqında yüksək fikirlər söyləyiblər.