"Mikayıl Müşfiq sevgisi" "ÇukurovaSanat" jurnalında dərc olunub
Mədəniyyət və Turizm İdarəsindən verilən məlumata istinadən, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi Rəbiyyə Zərdabinin "Mikayıl Müşfiq sevgisi" başlıqlı yazısı Türkiyənin nüfuzlu "ÇukurovaSanat" jurnalında dərc olunub. Yazıda türkiyəli oxuculara Azərbaycanın nakam şairinin faciəli həyatı barədə ətraflı məlumat verilir, xüsusilə, qəlbi yaradıcılıq eşqi ilə çırpınan ədibin "pantürkist" damğası ilə dəhşətli repressiyaya məruz qalmasından ürək ağrısı ilə söhbət açılır. "Mikayıl Müşfiq sevgisi" başlıqlı yazıda, həmçinin, şairin qəlbləri riqqətə gətirən lirik poeziyasından türk dilində nümunələr öz əksini tapıb.
Hər sətrində türk oxucularının diqqətini həyatdan çox erkən və nakam getmiş Mikayıl Müşfiqin faciəli anlarla dolu ömrünün ayrı-ayrı məqamlarına cəlb etməyə çalışan müəllif görkəmli poeziya ustası haqqında fikirlərini bu sözlərlə tamamlayır: "O, getdi...sonsuzluğa getdi...geri dönəcəkmi?.. bilmirəm...Dönməsini çox istəyirəm. Sevdiyinin dönməsini kim istəməz ki..."