Mədəniyyət telekanalının açılması ilə bağlı müsabiqə elan olunub
Milli Televiziya və Radio Şurası (MTRŞ) mədəniyyət telekanalının açılması ilə bağlı elan etdiyi müsabiqəyə avqustun 4-dən ərizə qəbulu başlamışdır.
MTRŞ-dən, verilən məlumata görə, mədəniyyət telekanalı ixtisaslaşmış kanal olacaqdır. Bu telekanalın açılması üçün müəyyən olunan kriteriyalar da sırf mədəniyyət sahəsini əhatə edəcəkdir. Burada siyasətdən, idmandan və başqa məsələlərdən geniş danışılmayacaq, xəbərlər mədəniyyətlə bağlı olacaqdır. Telekanalda Azərbaycanın tarixi, coğrafiyası, ədəbiyyatı, mənəvi dəyərləri, adət- ənənələri və s. təbliğ ediləcəkdir. Kanalda dünya mədəniyyətinin incilərinin təbliğinə də xüsusi əhəmiyyət veriləcəkdir.
Yeni telekanal fəaliyyətinin ilk 6 ayında yalnız Bakı və Abşeron yarımadasında yayımlanacaq, daha sonra isə ölkənin böyük bir ərazisini əhatə edəcəkdir.