Əkrəm Əylisli Aleksandr Soljenitsın haqqında əsər yazacaq
Azərbaycanın xalq yazıçısı, Milli Məclisin deputatı Əkrəm Əylisli tanınmış rus yazıçısı, publisist, ictimai-siyasi xadim Aleksandr Soljenitsın haqqında əsər yazacaq. Bu barədə yazıçı özü məlumat verib. Hazırda doğma kəndi Əylisdə olan yazıçı Aleksandr Soljenitsının həyatından bəhs edən əsəri mütaliə etdiyini vurğulayıb: "Onun həyatını oxuduqca adam yaxşı mənada heyrətlənir.
Bəzən tez-tez belə suallar verirlər ki, niyə bizdə Soljenitsın yoxdur və ya sən niyə Soljenitsın olmadın. Mən bu suala da yazdığım əsərdə aydınlıq gətirəcəyəm". Bu ilin payızında keçiriləcək parlament seçkilərində iştirak etməyəcəyi haqda fikrindən daşınmayan xalq yazıçısı deputatlıq müddətinin sakit şəkildə başa çatmasını gözlədiyini deyib: "Bundan sonra öz varlığımı ədəbiyyatla davam etdirəcəyəm".
Ə.Əylisli bir müddət əvvəl, tamamladığı "Möhtəşəm tıxac" romanını ilin sonuna kimi nəşr etdirmək niyyətində olduğunu da bildirib.