Azərbaycan xalçasının YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edilməsi müzakirə olunacaq
Noyabrda Azərbaycan xalçasının YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edilməsi müzakirə olunacaq. Bu barədə Azərbaycanda səfərdə olan YUNESKO-nun baş direktoru İrina Bokova məlumat verib. İ. Bokova xatırladıb ki, Azərbaycan son vaxtlara qədər YUNESKO İcra Komitəsinin üzvü idi, indi isə Qeyri-maddi İrs üzrə Komitədə təmsil olunur. Təşkilatın Azərbaycanın işğal altındakı ərazisində tarix-mədəniyyət abidələrinin və muzeylərin vəziyyətini qiymətləndirmək üçün həmin ərazilərə tədqiqat missiyası göndərmək niyyətində olub-olmadığına dair sualı cavablandıran İ. Bokova bildirib ki, YUNESKO belə bir missiya təşkil etməyə hazırdır, lakin bu məsələ yalnız Azərbaycan və Ermənistanın razılığı ilə reallaşa bilər. Qonaq YUNESKO-nun Qeyri-maddi İrs üzrə Komitəsinin Nayrobidə keçiriləcək iclasında Azərbaycan xalçasının qeyri-maddi irs siyahısına salınmasına dair Azərbaycan hökumətinin təklifinin də müzakirə olunacağını açıqlayıb: "Ümid edirəm ki, Azərbaycan xalçası bu siyahıya daxil ediləcək ".